Fələstin Prezidenti Mahmud Abbasın iyunun 13-də Çinə dövlət səfəri başlayıb.
Modern.az xəbər verir ki, dördgünlük səfər zamanı Çin rəsmiləri ilə görüşlərdə ikitərəfli münasibətlərə, Yaxın Şərqdəki vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
Çin Xarici İşlər Nazirliyinin Fələstin Prezidentinin səfəri ilə bağlı yaydığı məlumatda Mahmud Abbas Çinin köhnə və yaxşı dostu kimi təqdim olunub. Səfəri iki xalq arasında tarixi dostluq münasibətlərinin göstəricisi kimi xarakterizə edən nazirliyin rəsmisi Van Venbin, Çin ilə Fələstin arasında qarşılıqlı, güclü siyasi etimadın olduğunu deyib.
O, rəsmi Pekinin Fələstin xalqının legitim milli hüquqlarının bərpasını dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Fələstin məsələsinin ən qısa zamanda hərtərəfli həlli üçün dünya birliyi ilə birlikdə çalışmağa davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Çin Fələstin Azadlıq Təşkilatını və Fələstin Dövlətini tanıyan ilk ölkələrdəndir.