Bu günlərdə mərkəzi qərargahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının baş icraçı direktoru Jesus J. Moran Azərbaycan Dövlət Aqrar Universitetinin meyvə-tərəvəzçilik və üzümçülük kafedrasının müdiri, respublikanın əməkdar müəllimi, professor Famil Şərifova təbrik məktubu ünvanlanıb.
Məktubda bildirilir ki, biz sizi Dünya Biznes Konfederasiyası (WORLDCOB) adından salamlayırıq və sizi öz ölkənizdə üzümçülüyün inkişafı sahəsində görkəmli nailiyyətlər əldə etmiş bir alim kimi tanıyırıq. Böyük razılıq hissi ilə qeyd etmək istəyirik ki, sizin peşənizdə bu sahədə əldə etdiyiniz elmi uğurlar yüksələn xətlə inkişaf edib. Rəbərlik etdiyim qurumun təsis etdiyi və biznes sahəsində bütün dünyada ən yüksək mükafatlardan biri sayılan “THE BİZZ 2013” mükafatı ilə sizi təltif edib.
Hazırda WORLDCOB dünyada biznesin təşkili ilə məşğul olan əsas qurumlardan biridir. Bu təşkilat indi dünyanın 75-dən çox ölkəsində müəssisələrin və elmi uğurların genişlənməsinə və inkişafına kömək edir. Bu sahədə çalışan sahibkarların peşə fəaliyyətinin yüksəlməsinə, həmçinin onların sosial məsuliyyətinin artmasına, elm və praktikanın qarşılıqlı əlaqələrinin vəhdət halında birləşməsində kömək edir.Qeyd edək ki, Famil Şərifov ötən əsrin 70-80 –ci illərində işləyib hazırladığı intensiv becərmə texnologiyası sayəsində üzümlüyün 3-cü ilində 400-500 sentner, 4-cü ilində 600-700 sentner, 5-ci ilində 800-1000 sentner məhsul almaq mümkünlüyünü isbat edib. Bundan başqa üzümlükdə maşın və mexanizmlərin tətbiqindən başqa yeni becərmə texnologiyası üzümlükdə birbaşa kolla bağlı işləri xeyli (60-65 faiz) azaltmağa imkan verib.
Professor F.Şərifov bir sıra elmi əsərlərin müəllifidir. Onun gərgin əmək sərf edərək nəşr etdirdiyi “Azərbaycan üzümü” adlı atlas elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, milli üzümçülük qenofondunun tanınması və qorunmasına əvəzsiz xidmət göstərərək beynəlxalq kitab sərgilərində uğurla iştirak edib. Bundan başqa Famil Şərifovun cari ilin əvvəllərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə ithaf etdiyi və 50 illik elmi fəaliyyətinin nəticəsi olan “Üzümçülük” monoqrafiyasında dünya üzümçülük elmində yenilik sayıla biləcək bir çox məsələlər öz əksini tapıb.
Qabil YUSİFOĞLU