Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat mandatı daşıyan ali məktəb rektorları və digər icra strukturlarında çalışan şəxslərlə bağlı bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etmişdi. İ.İsmayılov bu məsələni yenidən gündəmə gətirib. Ədalət Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Prezident Administrasiyasından partiya sədrinin müraciətinə rəsmi olaraq yazılı cavab verilməyib. Lakin bildirilib ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Ona görə İ.İsmayılov MSK-ya məktub göndərib. Məktubda deyilir ki, Konstitusiyanın 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.
İ.İsmayılov daha sonra qeyd edir ki, Konstitusiyanın və Seçki Məcəlləsinin birmənalı tələblərinə baxmayaraq, bu gün Milli Məclisdəki bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar:
“Hətta elələri var ki, iki və daha artıq vəzifə tutur. Bunlar universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri və sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdir.
Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir. Dövlət ali təhsil müəssisəsinin rektoru prezident tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. Rektor əvəzçiliklə təyin oluna bilməz. Ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz".
İ.İsmayılov sonda MSK sədrindən bu kobud qanun pozuntusunun aradan qaldırılması barədə müvafiq tədbir görməyi xahiş edr.
Modern.az