Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə dövlət nəzarəti gücləndirilir. Bu məqsədlə Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər layihəsi daxil olub. Layihələrdə əsas məqsəd taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsidir.
Qanun layihəsi barədə deputatlar qarşısında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi qiymətlərinin artacağını bildirib.
"Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev taksilərin sayının azaldılması məsələsinə də aydınlıq gətirib:
“Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”.
Yeni qaydaların tətbiqi, eyni zamanda qiymət artımı ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olub. Bir çox vətəndaşlar taksilərdə gedişhaqqının bahalaşmasına qarşı çıxaraq, deputatları sözügedən dəyişikliyə səsverməməyə çağırıblar.
Bəs deputatlar birmənalı qarşılanmayan taksi layihəsini necə qiymətləndirirlər?
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə söyləyib ki, Azərbaycanda daxili bazara uyğun olaraq təkliflərin hazırlanması labüddür.
"Cəmiyyətin təlabatı nədirsə, ona uyğun olaraq təkliflər hazırlanır. Bu, kifayət etməsə, kənardan biznes dairələri həmin tələbi yerinə yetirmək üçün öz təkliflərini irəli sürəcək. Şübhəsiz ki, yeni qaydalara keçid heç də asan olmayacaq. Çünki bu sahə müəyyən müddət idi ki, tam tənzimlənməmişdi. Əlbəttə, problemlər, yeni təkliflər üzə çıxa bilər. Ancaq bütün bunların hamısı Azərbaycanda müasir, elit vətəndaşların imkanına və zövqünə uyğun taksi xidmətinin yaradılmasına gətirib çıxaracaq", - deyə parlamentari taksi sahəsində nizam-intizam yaratmağın tərəfdarı olduğunu deyib.
Deputat Rüfət Quliyevin fikrincə, qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, sərnişindaşımada nizam-intizam yaradılsın, problemlər aradan qaldırılsın.
"Lakin bunun vergi, avtomobillərin texniki nasazlıq kimi problemləri var. Doğrudur ki, sərnişinlər taksilərin hazırkı qiymətlərindən razıdırlar. Ancaq bəziləri də sürücülərin davranışından, geyimindən, sərnişinə qarşı münasibətindən narazı qaldıqlarını bildirir. Mən də bir çox şikayətlər almışam ki, sürücülərin bəziləri sərnişinləri vaxtında ünvana çatdıra bilmir. Düşünürəm ki, dəyişiklikdən sonra taksilərin sayı azalacaq. Lakin məqsəd onların sayının azalması deyil, nizam-intizamın yaradılmasıdır", - parlamentari qeyd edib.
R.Quliyev dövlət qurumlarından xahiş edib ki, taksi qiymətləri artmasın:
"Mən xahiş etdim ki, taksilərin qiymətləri qalxmasın. Hazırda inflyasiya 10-15 faizdir. Qiymətlər insanlar üçün münasib olmalıdır. Qiymətlərin artacağı deyildi, amma dəqiq məbləğ açıqlanmadı. Sonda nə olacağını birlikdə müşahidə edəcəyik. Çox güman ki, yeni qanun qəbul ediləcək, mexanizm qurulacaq və xüsusi qərarlar, təlimatlar olacaq. Bundan sonra hər şey bəlli olacaq. Lakin açıq desək, sərnişindaşıma prosesində xaos hökm sürür. Məhz yeni qanun belə xoşagəlməz halların qarşısını almaq üçün hazırlanıb.
Eyni zamanda qeyd etmək lazımdır ki, sərnişindaşıma sahəsinə dövlət tərəfindən kifayət qədər maliyyə ayrılıb. Məqsəd ictimai nəqliyyatın daha yaxşı vəziyyətə gətirilməsidir Düşünürəm ki, bu sahədə əvvəl belə proseslər getməyib, ona görə də hazırda yenilənmə işləri labüddür, lakin qiymət məsələsi insanları narahat edir, yaxşı olar ki, buna aydınlıq gətirilsin".