
Azərbaycan Dillər Universitetində tələbələr üçün yay semestri təşkil olunub. Belə ki, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Azərbaycan Dillər Universitetində 2012-2013-cü tədris ilinin yay semestrinin təşkili və idarə olunması haqqında 22 iyun 2013-cü il tarixində 72 saylı əmr imzalayıb. ADU-nun mətbuat xidmətindən
Modern.az-a verilən məlumata görə əmrdə, yay semestrinin 6 tədris həftəsindən və 1 həftə imtahan sessiyasından ibarət olmaqla 08 iyul 2013-cü il tarixindən 24 avqust 2013-cü il tarixinədək keçirilməsi barədə qeyd olunub. Əmrə əsasən İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Seyidova 2012-2013-cü tədris ilinin yay semestrinin rəhbəri təyin olunub. Yay semestrinin müvafiq qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə nəzarət, tədris olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəfafflığın, obyektivliyin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi ona həvalə edilib. Yay semestrinin rəhbəri Sevinc Seyidovanın verdiyi məlumata əsasən, yay semestrində dərslər ümumilikdə 32 fənn üzrə aparılır. Fənləri tədris etmək üçün universitetin 28 nəfər peşəkar müəllimləri yay semestrinə cəlb olunub.
“Yay semestrinin qısa vaxt çərçivəsində tələbələrə maksimal dərəcədə bilik vermək və imtahanlardan uğurla keçmək üçün onları yüksək səviyyəli dərs proqramı ilə təmin etmək məqsədi daşıyır. Ümumilikdə 328 nəfər tələbə iştirak etdiyi yay semestrinin artıq bir həftəsini geridə qoyub. Bu prosesin gərgin olmasına baxmayaraq tələbə və müəllimlərin dərsə davamiyyətindən razıyam”.
Yay semestrində universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi üzrə 154, Pedaqoji fakültə üzrə 85, Filologiya və Jurnalistika fakültəsi üzrə 79 və Tərcümə fakültəsi üzrə isə 10 nəfər tələbə təhsil alacaq. Qeyd edək ki, yay semestrinin fəaliyətə başlamasından öncə rəhbərlik kəsiri olan tələbələrlə yay məktəbindən nə gözlədikləri, kəsirin yaranma səbəbləri haqqında sorğu keçiriblər. Sonra sorğunun nəticələrinə əsasən müəllimlərlə müzakirələr aparılıb və proses nəticələrə uyğun olaraq formalaşdırılıb.
Aytən ƏLİYEVA