Modern.az

Xaricdə oxuyan tələbələrimiz Azərbaycanı necə tanıdır?

Xaricdə oxuyan tələbələrimiz Azərbaycanı necə tanıdır?

15 İyul 2013, 11:13


Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində və universitetlərində minlərlə azərbaycanlı gənc təhsil alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı 2012/2013-cü  tədris ilinin əvvəlinə 2270 nəfər təşkil edib.

Nəzərə alsaq ki, xaricdə təhsil alan azərbaycanlı gənclər oxumaqla bərabər, həm də ölkəmizi təmsil edirlər, onda onların Azərbaycanı tanıtmaq işində çox əhəmiyyətli rolu ola bilər. Bütövlükdə, bir  azərbaycanlı tələbə onlarla, yüzlərlə, bəlkə də minlərlə əcnəbi ilə bir yerdə oxuyur, bir yerdə yaşayır.  Azərbaycanı yaxşı tanımayan əcnəbilər də həmyerlilərimizin simasında ölkəmiz haqqında ilk təsəvvürlər alırlar. Ona görə də gənclərimiz bu faktora xüsusi diqqət yetirməli, həm yaxşı oxumaqla, həm də Azərbaycanı tanıtmaqla vətənə layiq övlad olduqlarını göstərməlidirlər.

Azərbaycanın tanıdılmasında xaricdə təhsil alan gənclərin rolundan danışarkən Milli Məclisin deputatı Ceyhun Osman Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən Odessada keçirilən 3-cü Ümumukrayna Forumunda qeyd etmişdir ki, xaricdə təhsil alan və yaşayan hər bir gənc ayrı-ayrılıqda bir səfirdir. Çünki elə ölkələr var ki, orda Azərbaycanın rəsmi diplomatik nümayəndəliyi yoxdur, amma tələbələri var. Bu tələbələrin hər biri öz ətrafında-oxuduğu, yaşadığı yerdə, dostları arasında, təhsil aldığı ali məktəbdə  və s. Azərbaycan adını yüksək tutmalı, ölkəmizin təbliği və sevilməsi məqsədilə, həllində beynəlxalq dəstəyə ehtiyacı olan problemlərimizi, xüsusilə Dağlıq Qarabağ münaqişəsi reallıqlarını yaşadıqları ölkənin cəmiyyətinin verdiyi imkanlar çərçivəsində tanıtmaq üçün durmadan fəallıq göstərməlidir.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov da hesab edir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələr diaspor işində daha aktiv rol oynamalıdırlar. İstənilən halda gənclər ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdır. Eyni zamanda xaricdə təhsil aldığı müddətdə Azərbaycanın təmsilçisi olduğunu bilməlidir. Ona görə də bizim tələbələrimizin tarix dərsləri güclü olmalıdır. Bir daha da konkretləşdirsək onlara tariximizi öyrədib yola salmalıyıq. Eləcə də bu istiqamətdə mütəmadi olaraq işlər aparılmalıdır. Xüsusilə, xaricdə təhsil alan tələbələrimiz Azərbaycan tarixini daha yaxından bilməlidirlər. Həmçinin onlar diaspora işində aktiv rol oynamalıdırlar. Qeyri-hökumət təşkilatları da öz növbəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə daha sıx əlaqələr qurmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müntəzəm olaraq xarici ölkələrə etdikləri səfər zamanı həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüşməlidirlər. Həmçinin qeyri-hökumət təşkilatları ilə tələbələrin görüşləri təşkil olunmalıdır.

Doğurdan da əgər biz Azərbaycanı yüksək səviyyədə tanıtmaq istəyiriksə, xaricdə cəmləşən intellektual gücümüzə dəstək verib, onlarla sıx əlaqələr yaratmalıyıq. Bu istiqamətində artıq Modern.az xəbər portalında keçən ildən başlayaraq “Xaricdəki tələbəmiz” adlı çox önəmli bir layihəyə start verilmişdir. Layihə çərçivəsində xaricdə oxuyan həmvətənlərimizdən onların problemləri, uğurları, təhsil aldıqları ölkələrin mədəniyyəti, adət-ənənələri barədə müsahibələr alınır, vətəndən kənarda Azərbaycanı tanıtmaq üçün hansı işlər gördükləri ilə maraqlanır, onları ölkəmiz üçün heç də oxumaqdan geri qalmayan bu işdə daha fəal olmağa ruhlandırırlar.

“Xaricdəki tələbəmiz” rubrikasının qonağı olmuş Böyük Britaniyanın York Universitetində İnsan Resurlarının İdarə edilməsi ixtisası üzrə magistr təhsili alan Nigar Kərimova bildirir ki, mən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xaricdə təhsil proqramının təqaüdçüsüyəm və Azərbaycanı tanıtmaqda ARDNŞ bizə böyük dəstək verir. Azərbaycan günləri keçirəndə, nə lazımdırsa yazıb göndəririk, Neft Şirkəti də öz nümayəndəsini və lazım olan vəsaiti göndərir. Hətta Bakıdan nə lazımdırsa göndərirlər: paxlava, şəkərbura, milli geyimlər və s. Mançestr Universitetində azərbaycanlı tələbələr Azərbaycan günü keçirəndə, sonda süfrə açdılar və plov, dolma, paxlava, şəkərbura və s. var idi. Belə günlərdə bütün xərcləri Neft Şirkəti çəkir. Amma bu cür tədbirləri keçirtmək çox çətindir. “Eurovison” Mahnı Müsabiqəsində möhtəşəm qələbəmizdən sonra, demək olar ki, burada hamı Azərbaycanı tanımağa başladı. Bundan başqa, Xocalı soyqırımı günündə azərbaycanlı tələbələr üzərinə “Xocalı” yazılan köynəkdə və əllərində plakat sakit aksiya keçiririk. Bütün tələbələr bu aksiyaya qoşulur. Heç kim də bunun qarşısını almağa çalışmır.

Dövlət Neft Şirkətinin xaricdə təhsil proqramının daha bir təqaüdçüsü, Norveçdə magistr təhsili almış Səfa Qasımova da qeyd edir ki, azərbaycanlı gənclər, o cümlədən mən Norveçdə Azərbaycanı bacardığımız  qədər tanıtdırmağa çalışırıq. Biz bir neçə dəfə Azərbaycan mətbəxi və mədəniyyəti günləri keçirmişik. 30 nəfərə yaxın xarici tələbə oturub dolma bükürdü, biz də həmin vaxt onlara zəngin tarix və mədəniyyətimiz haqqında danışırdıq. Təəssüf ki, Qərb mətbuatı çox zaman xalqımız haqqında avropalılara doğru məlumat çatdırmır. Çox vaxt avropalı tələbə bilmir ki, kimə inansın: öz  KİV-nə və ya bizə... Azərbaycanda keçirilən “Eurovison” müsabiqəsi Azərbaycan haqqında dediklərimizə çox gözəl bir sübut idi.

İsveçin Umea Universitetində magistr təhsili alan Cavid Abdullayev isə deyir ki, oxumaqdan boş vaxtımız o qədər də çox olmur, olanda da ondan əlimdən gələn qədər səmərəli istifadə etməyə çalışıram. 2011-ci ildə azərbaycanlı tələbələrlə birlikdə SAYU (Sweden Azerbaijan Youth Union) adlı təşkilat təsis etdik. Azərbaycana aid əlamətdar günlərdə tədbirlər keçiririk və bacardığımız qədər ölkəmizi pozitiv tərəfdən təmsil etməyə çalışırıq. Məsələn, Universitetdə keçirilən beynəlxalq sərgidə həm keçən il, həm bu il stendimizi qurmuşuq. 28 May Respublika günü və başqa tarixi əlamətdar günlərimizdə həm isveçli, həm digər xarici tələbələrlə keçirdiyimiz tədbirlər vasitəsilə Azərbaycanın tarixi, ədəbiyyatı və s. haqqında məlumatlar vermişik. Bəzən həftə sonları beynəlxalq nahar tədbirləri keçiririk. Hər millət öz mətbəxindən hər hansı yeməyi bişirir. Biz də bacardıqca bizim milli xörəkləri yaxşı formada təqdim etməyə çalışırıq. Tələbələr dolma, aş, kabab və s. yeməkləri çox bəyənirlər. Xüsusilə 28 may günü tədbirindən sonra təşkil etdiyimiz kabab məclisi bütün universitetin dilinə düşdü, məşhurlaşdı. Bundan başqa, burada həvəskar futbol komandamız var. Müxtəlif həvəskar turnirlərdə iştirak edirik.

“Xaricdəki tələbəmiz” adlı lahiyəyə çərçivəsində müsabiqə verən Kanadanın Vaterloo Universitetinin tələbəsi Zaur Abbasbəyli də bildir ki, Kanadada əcnəbi tələbələrlə çox gözəl münasibətimiz var, dostlarımın  əksəriyyəti xarici tələbələrdir Həm kanadalı, çinli, misirli, hindistanli və türk tələbələrdən dostlarım var. Universitetdə azərbaycanlılara qarşı münasibət müsbətdir. Həm tanışlarımız çoxdur, həm də universitetimizin rəhbəri türkdür. Tədbir keçirərkən professorları dəvət edirik, tələbələrin oxuması üçün posterler düzəldib universitetdə, kitabxanalarda panolara asırıq. Demək olar ki, hər bayramımızı keçirdirik. Bundan başqa, 20 Yanvar, Xocalının soyqırımı və bu kimi qan yaddaşlarımızı orada da unutdurmamağa çalışırıq.  Xocalı soyqırımı günü paytaxt Ottava parlamentinin önündə, daha sonra da erməni səfirliyi önündə mitinq keçirdik. Azərbaycan diasporu ilə əlaqələrimiz var. Demək olar ki, hər şeyi onlarla birgə edirik. Onlar əllərindən gələn qədər bizə dəstək olmağa çalışırlar.

Kanadanın Vaterloo Universitetinin daha bir tələbəsi Rüstəm Bəhmənzadə deyir ki, vətənimizin hüdudlarından kənarda ölkəmizi tanıtmaq, Azərbaycanın adını uca etmək özü-özlüyündə çox şərəfli və məsuliyyətli bir missiyadır. Mən də bu missiyanı layiqincə öhdəsindən gəlməyə çalışıram. Biz burada Azərbaycanın əlamətdar günlərini, eləcə də xalqımızın qanlı günlərini qeyd edirik, əcnəbi tələbələrə bu günlər barədə ətraflı məlumatlar veririk. Mart ayında ən çox sevdiyim Novruz bayramını milli adət-ənənəmizə uyğun keçirməyimiz çox maraqla qarşılandı. Çalışırıq ki, Universitetin ictimai, mədəni və işgüzar həyatında aktiv iştirak edək. Bu zaman tələbələr arasında daha yaxın ünsiyyət olur.  Bunlardan əlavə, çalışıram ki, elm, texnologiya və innovasiya sahəsində Azərbaycanda keçiriləcək mühüm hadisələr və tədbirlər barədə  Universitetin professor və tələbə heyətini xəbərdar edim. Arzu edənlər iştirak etsinlər. Mən də əlaqələndirmə işində onlara bacardığım köməkliyi göstərim. Konkret nəticə olaraq deyim ki, ötən il 23-24 oktyabr tarixlərində mən də üzv olduğum Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması” adlı beynəlxalq elmi seminarda Universitetimizin Kommersiyalaşdırma ofisinin  direktoru doktor Skott İnvud böyük həvəslə iştirak etdi və Azərbaycanda innovasiya sahəsində görülən işlərlə, eyni zamanda tədbir çərçivəsində Azərbaycanın zəngin maddi-mədəni irsi, qədim tarixi abidələri və gəzməli-görməli yerləri ilə yaxından tanış oldu, xalqımızın qonaqpərvərliyindən çox məmnun qaldı.

Beləliklə görürük ki, azərbaycanlı gənclər vətəndən kənarda oxumaqla bərabər Azərbaycanı tanıtmağı da unutmurlar, təhsil aldıqları universitetlərin ictimai-mədəni həyatında fəal iştirak etməklə Azərbaycan mədəniyyətini də təbliğ etməyə çalışırlar. Bu işdə onlara aidiyyəti qurumlar, diaspora təşkilatlarımız, səfirliklərimiz, ictimai birliklər, eləcə də xaricdə fəaliyyət göstərən iş adamları lazımi dəstəyi versələr, inanırıq ki, nəticə daha nəzərəçarpacaq olar, dünya bizi daha yaxşı tanıyar.

Vüqar Haqverdiyev
Yazı “Odlar Yurdu” təşkilatının keçirdiyi müsabiqəyə təqdim olunur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!