Modern.az

Səhiyyə Nazirliyi dönərxanaları nəzarətə götürür

Səhiyyə Nazirliyi dönərxanaları nəzarətə götürür

Təhsil

15 İyul 2013, 16:33

Toyuq dönərinin istehsalına nəzarət gücləndiriləcək. Bu barədə Modern.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib. O, qeyd edib ki, toyuq dönərinin satışına 2006-cı ildən qadağa qoyulub. “Bu qərara məhəl qoyulmalı olsa da bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlar bu qərarlara məhəl qoymurlar. Mərkəz tərəfindən inzibati tədbirlər aparılır. Yaxın günlərdə bununla bağlı toplantı da keçirmək istəyirik ki, müvafiq dövlət qurumları və ictimai təşkilatlar bu işdə iştirak etsinlər ki belə halların qarşısı alınsın. Toyuq ətindən dönər istehsalı həddindən artıq çoxdur. Bununla əlaqədar tədbirlər görsək də təəssüflər olsun ki, dönərxanalar o qədər çoxdur ki, onların hər birinin yanında bir adam saxlaya bilmirik ki, ona nəzarət etsin. Onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edirik. Amma üstündən iki gün keçməmiş yenidən açıb işlədirlər”.

Səhiyyə Nazirliyinin rəsmisi onu da qeyd etdi ki, dönər istehsalı ilə bağlı standartlar müəyyən edilib ki, bu standartlara uyğun olaraq dönər yalnız mal ətindən istehsal olunmalıdır. Heç bir sənədi olmayan toyuq ətindən dönər hazırlanır ki, buna da aidiyyatı orqanlar nəzarət etməlidir. Onun sözlərinə görə, bu barədə müvafiq strukturlara göstərişlər verilməkdədir və yaxın günlərdə həmin dönərxanalar barəsində müvafiq tədbirlər görüləcək.    

Qeyd edək ki, toyuq dönərinin satışına ilk dəfə “quş qripi”nin yayılması təhlükəsi ilə əlaqədar olaraq, rəsmi qadağa qoyulmuşdu. Bundan əlavə, keçən il yay aylarında bu dönər növündən kütləvi zəhərlənmələr olduğu üçün həmin qadağa hələ də qüvvədədir.

Toyuq dönərinin fəsadlarına gəlincə isə, İ. Abdullayevin bildirdi ki, toyuğun dərisi üzdə olduğu üçün mikrob yığır və toyuq əti mal ətindən fərqli olaraq daha çox infeksiyalaşmağa meyllidir: “Ümumiyyətlə, dönərin hazırlanması üçün istifadə edilən ətdə finnoz (qurd xəstəliyi) varsa, onu yeyən insanlarda da finnoz yarana bilər. Dönər hazırlanarkən ət düzgün emal olunmadığı üçün ətdə olan mikroorqanizmlər məhv olmaq əvəzinə artır.

Toyuq əti isə bu mikroblara qarşı daha həssasdır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur”. İmran Abdullayev sonda onu da vurğuladı ki, toyuq əti satılan dönərxanalara yüksək məbləğdə cərimə edilməsinə baxmayaraq, toyuq dönəri hələ də satılmaqda davam edir.  

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım