Modern.az

Biləcəridə çörək sexini bağladılar

Biləcəridə çörək sexini bağladılar

Təhsil

15 İyul 2013, 16:38

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həmin müəssisədə çovdar və buğda unundan çörəklərin istehsalına dövlət nəzarəti həyata keçirilib. Komitədən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud olmadığı,  istehsal yerində sanitariya qaydalarına əməl olunmadığı, sabit keyfiyyətdə məhsul istehsalı üçün şəraitin olmadığı aşkar olunub.

Müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə normativ sənəd ГОСТ 2077-84 standartının, “Yeyinti məhsulları haqqında” Qanunun 5-ci, 6-cı, 7-ci, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddələrinin tələbləri pozulub.

Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd ГОСТ 2077-84 standartının tələblərinə cavab verməyib. Belə ki, istehsal olunan çörəyin üzərinə reklam xarakterli “Pəhriz” yazısı qeyd olunub, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub.

İstehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə ГОСТ 8.513-84 standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.

Aşkar olunan nöqsanlarla əlaqədar olaraq 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib, müəssisə barədə inzibati qaydada protokol tərtib olunub.

 

Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım