Türkiyə ilə Misir 10 illik fasilədən sonra tədricən dostluq körpüləri qurarkən, Türkiyənin Qahirə səfirliyinin müvəqqəti işlər vəkili Salih Mutlu Şen prezident Rəcəb Tayyib Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs Sisini Türkiyəyə dəvət etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Şen bu barədə RT-nin ərəb xidmətinə verdiyi müsahibədə danışıb.
“Ərdoğan Misir prezidenti əs Sisiyə Türkiyəyə dəvət göndərib. Bilirəm ki, misirlilər Ərdoğanı Misirdə görmək istərdilər. İki prezident görüşün yerini müəyyənləşdirəcək. Görüş Ankara və ya Qahirədə baş tutacaq", - o deyib.
Şen açıqlamasında Türkiyənin XİN başçısı Hakan Fidanın Misir səfərinin 3 ay sonra reallaşa biləcəyini ifadə edib.
"Xarici işlər naziri Hakan Fidan bu mərhələyə çatana qədər iki ölkə arasında əlaqələrin inkişafında müsbət rol oynayıb", - diplomat əlavə edib.