
Bu il ölkəmizdə seçki ili olduğu üçün artıq siyasi ab-hava, müəyyən təşkilatların yaranması, kimlərin namizədliklərin irəli sürülməsi ilə bağlı işlər gedir. Kimlər seçkiqabağı prosesləri aktiv hesab edir, kimlər də yox. Bəs Milli Məclisdə təmsil olunan bitərəf deputatlar ölkədə seçkiqabağı prosesi necə dəyərləndirirlər?
Millət vəkili Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, ölkədə seçkilərə hələ start verilməyib. “Mərkəzi Seçki Komissiyasının seçkilərin nə vaxt keçirilməsi ilə bağlı qərarı hələ yoxdur. Seçkiqabağı prosesləri isə normal hesab edirəm. Çünki həm hakim Yeni Azərbaycan Partiyası bu məsələlərlə çox ciddi məşğuldur, o cümlədən beynəlxalq aləmin, yəni ATƏT və digər təşkilatlar Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün nə lazımdır edirlər. Şərait buna imkan verir ki, Azərbaycanda demokratik seçki keçirilsin. Digər tərəfdən, müxalifət qüvvələri Milli Şurada birləşiblər. Orada da namizəd irəli sürüblər”. V. Əhmədov hesab edir ki, ölkədə seçkilərin demokratik keçirilməsi üçün bütün imkanlar var. “Cənab İlham Əliyev son 10 ildə Azərbaycanda gördüyü işləri çox yüksək qiymətləndirirəm. Milli Şuradan Rüstəm İbrahimbəyovun namizədliyini verib, Müsavat Partiyasının başqanı öz namizədliyini irəli sürüb. Təbliğatın necə aparılmasından hər şey asılıdır ki, bütün bunlar da seçki marafonundan sonra bilinəcək”.
Millət vəkili Aqil Abbasın fikrincə, isə ölkədə seçkilərlə bağlı heç bir proses getmir. “Bir Milli Şura yaradılıb. Onun da sədri Rüstəm İbrahimbəyov deyir ki, “Qarabağ mübahisəli torpaqdır”. Yəni erməni lobbisindən, yerli ermənilərdən dəstək almaq istəyir. Əgər o belə söz deyibsə, ona Azərbaycanda kim səs verər? Azərbaycanda bu qədər iş gedirsə Azərbaycan dövləti inkişaf edirsə, dünyada tanınırsa, dövlət büdcəsi 20 milyard dollara, Neft Fondu 40 milyard dollara çatırsa, bunun hamısı dövlət başçısının xidmətidir, əməyidir. Bu gün Azərbaycanın 1 milyon 200 min Qarabağ köçkünü var, hələ Ermənistan qaçqınlarını saymıram. Bunlara ev tikilir, ev verilir və hamısı cənab İlham Əliyevin işlərinin nəticəsidir. 1 milyondan artıq Qarabağ köçkününün deputatlarından biriyəm. Onlar İlham Əliyevi qoyub kimə səsə verəcəklər?”.
Millət vəkili Gövhər Baxşəliyeva ölkədə seçkiqabağı gedən prosesləri normal qiymətləndirdiyini qeyd edib. “Seçkiqabağı müəyyən ittifaqlar yaradırlar, seçkiyə hazırlaşırlar. Bu da təbiidir və müasir dünyanın tələbidir. Hesab edirəm ki, ötən 10 il artıq artıqlaması sübut edib ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs düzgündür. Azərbaycanın xalqının milli maraqlarının üzərində qurulmuş siyasətdir və Azərbaycan xalqının köklü mənafeyinə, köklü maraqlarına xidmət edən bir siyasətdir. İstər xarici, istər daxili siyasətdə, şəxsən hesab edirəm ki, bu siyasət davam etdirilməlidir. Seçkilərdə mən prezident İlham Əliyevə səs verəcəyəm. Və seçiciləri də buna çağıracağam. Azərbaycanda prezident İlham Əliyevin kursuna alternativ görmürəm”.
Aytən ƏLİYEVA