Abituriyentlərin qəbul imtahanlarına keçən həftə start verildi. İlk olaraq III qrup abituriyentləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi suallı cavablandırıb. Təbii ki, nəticələr bəlli olduqdan sonra narazılıqlar da başlayıb. Kimi sualların keçən illərlə müqayisədə çətin olduğunu, kimi də asan olduğunu qeyd edib.
Modern.az TQDK-nın tərtib etdiyi suallar barədə təhsil ekspertindən münasibət öyrənməyə çalışıb.
“Ümumi təəssürat onu söyləməyə əsas verir ki, suallarda bir o qədər çətinlik yaratmayıb”. Bu sözləri
Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. Onun fikrincə, suallarda müəyyən qədər sadələşdirilmə aparılmalı idi.
“Çünki çox saylı abituriyentlər orta məktəbdə yaxşı nəticə göstəməyiblər. Baxmayaraq ki, onların əksəriyyətinə attestat verilib, kəsilmə dərəcəsi çox yüksək idi. Ona görə suallar ötən illərə nisbətən sabit vəziyyətdə saxlanılmalı idi. Müəyyən sadələşdirmələr aparılmalı idi, çünki orta təhsilin səviyyəsi ilbəil aşağı düşür”. E. Əliyevin sözlərinə görə, heç şübhəsiz ki, bu tədris ilində də keçid balı aşağı salınacaq. “Ehtimal olunur ki, ötən tədris ilindəki ağır nəticələr bu il də təsdiq olunacaq və ballar nisbətən aşağı salınacaq. Bu özünü buraxılış imtahanlarında açıq şəkildə büruzə verdi. Ancaq abituriyentlərlə söhbətlərimizdə iki tip abituriyentləri müşahidə etdik. Şəhərin mərkəzində yerləşən və yaxşı təhsil verən yerli məktəbləri bitirənlər imtahan suallarının asan olduğunu deyir. Əyalətlərə doğru getdikdə isə bu vəziyyət dəyişir və bu məktəbləri bitirən abituriyentlər sualları çətin hesab edir. Bunların da müəyyən əsasları var, orta məktəbdə tədris prosesi əyalətlərə doğru getdikcə tamamilə pozulub”.
Təhsil ekspertinin fikrincə, abituriyentlərin test suallarını cavablandırılması məktəbdən yox, repititorlardan birbaşa asılıdır. “Repetitorlar nə qədər güclüdürsə, abituriyentlərə suallar bir o qədər asan görünür”.
Aytən ƏLİYEVA