
Yazıçı Kamal Abdullanın Modern.az-a ədəbiyyatımızın bu günü ilə bağlı açıqlamaları gənc yazarlar arasında da müzakirə olunub.
Rəbiqə Nazimqızı: “Kamal Abdullaya bütün hörmətim və sevgimlə bərabər, bu məsələ ilə bağlı bir qədər fərqli fikirdəyəm. "Oxu zalı" Azərbaycan ədəbiyyatı ilə bağlı müasir internet dərgisidir və vaxtaşırı ədəbiyyatla bağlı məsələlərə yer ayırır. Bilirəm ki, bu saytda Kamal Abdulla ilə bağlı bəzi tənqidi materiallar gedib, açığı, tənqidi mətnləri oxumuram. Düşünürəm ki, bu da normaldır. Ən azı ona görə ki, yazırsansa, səni tənqid edəcəklər, qərəzli də ola bilərlər, qərəzsiz də. Məncə, yazıçı öz mətnlərin dəyərləndirilməsi ilə bağlı məqamlardan yuxarıda dayanmalıdır. Kamal Abdulla Azərbaycan nəsrinin avanqardıdır, ən maraqlı, düşündürən əsərlərin müəllifidir, xaricdə də əsərləri böyük tirajla nəşr olunur. Məncə, özü barədə bütün rəylərə daha loyal yanaşmalıdır. Mən artıq AYB üzvü olmadığım üçün AYB-nin ədəbi nəşrlərinə yumşaq mövqe bildirirəm. Kamal Abdulla bu məsələdə çox haqlıdır və mənim sözügedən qurumu tərk etmə səbəblərimdən biri də məhz sözügedən nəşrlərin fəaliyyətinin qənaətbəxş olmaması məqamı idi”.
Yetim Qacar: “Gənc yazarlara Kamal Abdulla hər cür şərait yaradır . Ən azı Yaradıcılıq Fakültəsi misalı var ortada. Məncə Azərbaycanda gənc yazarlar barədə danışmağa haqq edən tək insan elə Kamal Abdulladır. AYB-nin görməli olduğu işi Kamal Abdulla bir yazar olaraq təmənnasız edir. AYB-nin mətbu orqanları yalnız hökumətin pullarını yemək üçün pulyuyan maşın funksiyasını daşıyır. Təsəvvür edin bir yazar mənə deyir ki, gətir yazılarını dərc edək və qonorar verək. Bir müddət sonra mənə deyir ki, axı sən nə yazırsan, yazdığını ortaya qoy baxaq. Mən də sual etdim ki, yazdığıma bələd deyilsənsə niyə mənə “Ulduz”da çap olunmaq və prezident təqaüdü boyun olurdun? Halbuki mən ikisindən imtina etdim”.
Elmin Nuri