Məlum olduğu kimi, ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılıb. Dövlət başçısının Naxçıvandakı səlahiyyətli nümayəndəsi vəzifəsi Fuad Nəcəfliyə həvalə olunub.
O, artıq 6 aydır ki, Muxtar Respublikaya rəhbərlik edir. İndiyədək mətbuatda Fuad Nəcəflinin bir sıra görüşlər, tədbirlər keçirməsi barədə xəbərlərə rast gəlinsə də, onun Naxçıvanı Milli Məclisdə təmsil edən deputatları qəbul etməsini eşitməmişik. Ən azından sosial şəbəkə və media səhiflərində bu haqda informasiya yer almayıb.
Maraqlıdır, səlahiyyətli nümayəndə deputatlarla görüşübmü? Belə bir görüş olubsa, seçicilərin hansı problemləri qaldırılıb?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Naxçıvandan seçilmiş deputatı Ülviyyə Həmzəyeva Prezidentin səlahiyyətli nümayəndəsi ilə bir neçə dəfə görüşdüyünü deyir:
"Prezidentin səlahiyyətli nümayəndəsi ilə keçirdiyimiz görüşlərin hamısı səmərəli keçib. Məlum olduğu kimi, cənab Prezident tərəfindən sərəncam imzalanıb. Bu gün bütün işlər sərəncama uyğun aparılır. Məsələn, görüşlərin birində rəssamların problemləri ilə bağlı danışdıq. Biz bu ərəfədə beynəxalq rəsm festivalı keçirdik. Festivalda 10 ölkədən rəssamlar iştirak edirdi. Belə tədbirlər Azərbaycanı və Naxçıvanı tanıtmaq baxımından çox önəmlidir. Gələcəkdə turistləri cəlb etmək üçün festivalların keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Görüşümüzə bu barədə fikir mübadiləsi apardıq".
Ü.Həmzəyeva vurğulayıb ki, Fuad Nəcəfli ilə keçirdiyi fərdi görüşün əsas mövzularından biri də Culfa-Babək ərazilərində olan problemlər və onların həlli istiqamətləri olub:
"Düşünürəm ki, gələcəkdə seçicilərimizin, ümumiyyətlə, Naxçıvan əhalisinin problemlərinin köməkli şəkildə həlli istiqamətlərini tapacağıq".
Milli Məclisin Naxçıvandan seçilmiş digər deputatı Cəbi Quliyev də səlahiyyətli nümayəndə ilə görüşdüyünü vurğulayıb:
"Mənim səlahiyyətli nümayəndə ilə bir neçə dəfə görüşüm olub. Regionun sosial-iqtisadi inkişafı bağlı müzakirələr aparmışıq. Gənclərlə bağlı problemləri, qarşıdakı perspektiv hədəfləri müzakirə etmişik. Səlahiyyətli nümayəndə bir nüçə gün əvvəl Gənclər Fondunun dəstəyi ilə Naxçıvanda fəaliyyət göstərən Muxtar Respbulikanın gənclər təşkilatları ilə görüş keçirib. Görüş 3 saata yaxın davam edib. Orada gəncləri maraqlandıran məsələlər, narahatlıq doğuran məqamlar müzakirə olunub. Görüşdə əsasən gənc müəllimlər, həkimlər, tələbələr iştirak edirdilər. Hər biri öz ixtisaslarına uyğun məsələləri səlahiyyətli nümayəndənin diqqətinə çatdırdılar".
Deputat Naxçıvan gənclərinin problemlərinin diqqətdə saxlanıldığını vurğulayıb:
"Səlahiyyətli nümayəndə gənclərin problemlərinə adekvat yanaşır. Aidiyyəti üzrə onların məsələləri ilə maraqlanılacağını qeyd etdi. İş planlarına həmin problemlərin əlavə olunması ilə bağlı tapşırıq verdi. Yəqin ki, gələcəkdə həmin məsələlər nəzərə alınar. Yaxın vaxtlarda həmin görüşün gənclər üçün nəticələrini görəcəyik. Ən aktual məsələlərdən biri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının ölkənin aidiyyəti qurumlarından qrant ala bilməməsidir. Bu problemin həlli ilə bağlı işlərə başlamışıq".
"Ümumiyyətlə, mən səlahiyyətli nümayəndə ilə bir neçə dəfə görüşmüşəm. Görüşlərin faydalılığını vurğulamalıyam. Mənim ərazim, yəni 7 saylı Ordubad-Culfa seçki dairəsi Zəngəzur dəhlizinin başlanğıcına düşür. Ölkə rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi hər kəsə məlumdur. Biz burada hansı işlər görə bilərik, dəhlizin açılışına hazırlıq necə getməlidir, bunları və digər məsələləri müzakirə etdik. Düşünürəm ki, apardığımız danışıqlar səmərəli olub", - Cəbi Quliyev əlavə edib.