Modern.az

Avqustun 15-dək imtahandan keçən müəllimlər iş yerini biləcəklər

Avqustun 15-dək imtahandan keçən müəllimlər iş yerini biləcəklər

Təhsil

16 İyul 2013, 16:07


“Müəllimlərin işə qəbul prosesinin ikinci mərhələsindən sonra boş qalan yerləri biz elan edəcəyik. Bu yerləri keçid balını toplamış, yalnız işə qəbul olmayan müəllimlərə tətbiq edəcəyik. Onlara imkan verəcəyik ki, yenidən seçim etsinlər”.
Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

“Güman edirik ki, avqustun 15-ə qədər bütün bu prosesləri başa çatdıracağıq və artıq müəllimlərin hara düşdüyü məlum olacaq, siyahılar yerli idarəetmə orqanlarına göndəriləcək və əvvəlki illərdən fərqli olaraq tez müddətdə başa çatdırılacaq”-deyə, F.Qədirov əlavə edib.

Şöbə müdiri müəllimlərin işə qəbul prosesi ilə bağlı nazirliyin daha bir yeniliyi haqqında məlumat verib.
“Daha bir yenilk ondan ibarıətdir ki, bundan sonra hər dərs ilində iki dəfə vakant yerləri elan edəcəyik. Müsabiqədən sonra yaranan vakant yerlər və müsabiqə nəticəsində tutulmamış vakant yerlər. Burada keçid balını toplamış və işə qəbul olunmayan müəllimlər elektron seçim edib, həmin yerlərdə işləmək imkanı əldə edəcəklər. Biz düşünürük ki, bu ədalətli seçimdir”.

Fərzəli Qəzdirov deyib ki. Təhsil Nazirliyi kənd məktəblərinə daha çox gənc mütəxəssisləri göndərir.
”Ona görə də mən deməzdim ki, kəndlərdə gənc mütəxəsisslər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz bu ehtiyacı ödəməyə çalışırıq”.

“Hər il vakant müəllim yerlərinə qəbul olunan və həmin yerlərdən imtina edənlər, geri qayıdanlar da olur. Bu bir çox hallarda onların ailə vəziyyətləri ilə bağlı olur. Amma onlar daha yaxşı şərait axtarır və bunu tapmayanda müəyyən mənada onların ucqar kənd məktəblərində qalıb işləməsi problem olur. Əlbəttə belə müraciətlərin sayı çox deyil. Amma istərdik ki, olmasın”-deyə F.Qədirov əlavə edib.
 
F.Qədirov müəllimlərin işə qəbul qaydalarında dəyişiklik olduğunu bildirib. “Bu il qaydalarda dəyişiklik etmişik. Edilən dəyişikliklərdən biri odur ki, müəllimlər seçimi edəndə bilirlər ki, onlar həmin yerdə 3 il işləməlidirlər. Belə bir məhdudiyyət qoymuşuq. Gənc mütəxəssislər üçün həvəsləndirmə tədbirləri tətbiq edib, ucqar kənd mıəktəblərinə göndəririksə, o məcburdur orada 3 il işləsin. 3 ildən sonra o yerini dəyişmək barədə müraciət edə bilər. İmtina edirsə, bu bizim üçün bir informasiyadır. Gələcəkdə həmin müəllimlə bağlı qərar qəbul etdikdə, bu informasiya nəzərə alına bilər”.

Nazirliyin rəsmisi kənd məktəblərinə gedən müəllimlərə verilən güzəştlərin artırılması ilə bağlı danışıb. “Siz bilirsiniz ki, ölkədə təhsilin inkişafı ilə bağlı strategiyanın başa çatdırılması istiqamətində iş gedir. Strategiyada nəticə əsaslı diferensial əmək haqqı sisteminin yaradılması məsələsi öz əksini tapıb. Düşünürük ki, ucqar kənd məktəbləri ölkəmiz üçün vacib, strateji əhəmiyyət kəsb edən təhsil müəssisləri olduğundan burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əmək haqqının müəyyənləşdirilməsi vacib şərtlərdəın biridir. Bununla əlaqədar düşünürük ki, həmin sistem yaranada ucqar kənd məktəblərində işləyənlər üçün də xüsusi stimullaşdırıcı tədbirlər nəzərdə tutulacaq”.


Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım