Modern.az

Avropa çempionatına start verildi 

Avropa çempionatına start verildi 

İdman

21 İyun 2023, 00:11

Divizion qalibi olan Anna Skidan və ikinci yeri tutan Aleksis Kopello Avropa Oyunlarının medallarına iddialarını davam etdirirlər.

 

Modern.az xəbər verir ki, Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatına start verilib.

 

Yarışın ilk günündə ikinci və üçüncü diviziondakı idmançılar mübarizə aparırlar. Üçüncü divizionda yer alan təmsilçilərimiz arasında ən uğurlu nəticəni çəkicatma yarışlarında Anna Skidan göstərib.

 

Üçüncü cəhdindən etibarən göstəricilərini getdikcə yaxşılaşdıran Anna Skidan yekunda 71,69 metr nəticəyə imza atıb. Bununla da Azərbaycan idmançısı 11 atlet arasında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və divizionun qalibi adını qazanıb.

 

Üç təkanla tullanmada Aleksis Kopello 15.91 metr nəticə göstərib. Bu nəticə ilə atletimiz 14 idmançı arasında ikinci olub.

 

Lamiyə Vəliyeva isə 400 metr məsafəyə qaçışda yarışıb. O, 55,79 saniyə göstərici ilə beşinci sırada qərarlaşıb.

 

Anna Yusupova 5000 metr məsafəyə qaçışda iştirak edib. 17.37.97 dəqiqə nəticə ilə Anna Yusupova 14 iştirakçının qatıldığı yarışda finişə beşinci gəlib.

 

400 metr məsafəyə qaçışda Cavid Məmmədov 49.58 saniyə nəticə ilə onuncu yeri tutub.

 

Elman Abışov 800 metr məsafəni 2.06.12 dəqiqəyə qət edib və bu iştirakçılar arasında on dördüncü nəticə olub.

 

Yüz metr məsafəyə qaçışda İlahə Quliyeva 12.39 saniyə göstərici ilə yarışı 10-cu yerdə başa vurub. Bu məsafəyə kişilərin mübarizəsindəki təmsilçimiz Aleksey Əliəkbərov isə 11.78 saniyə nəticə ilə on birinci olub.

 

Qeyd edək ki, fərdi yarışlarda Oyunların mükafatçıları üç divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM