Modern.az

Azərbaycan iqtidarı ilə müxalifət nəhayət bir araya gəldi - Qarşılıqlı ittihamlar səsləndi - FOTOLAR

Azərbaycan iqtidarı ilə müxalifət nəhayət bir araya gəldi - Qarşılıqlı ittihamlar səsləndi - FOTOLAR

Təhsil

17 İyul 2013, 10:56


Ötən gecə ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycandakı siyasi vəziyyətlə bağlı xüsusi dinləmələr keçirilib. Modern.az saytı xəbər verir ki, dinləmələrdə Azərbaycan iqtidarının və müxalifətinin təmsilçiləri iştirak ediblər.
”Azadlıq” radiosunun məlumatına görə, dinləmələrin sonunda qəbul edilən yekun sənəddə qeyd edilir ki, ABŞ Azərbaycanın və onun xalqının dostudur: “ABŞ-ın Azərbaycan hökuməti ilə ümumi maraqları var. Bu sıx əlaqələr bizim illərlə davam edən əməkdaşlığımızda çox önəmli faktor olub. Biz əlaqələrimizi daha da gücləndirmək istəyirik.Azərbaycan yolayrıcındadır. Bir yol demokratiya, iqtisadi tərəqqiyə, o biri yol isə avtoritarizm, korrupsiya və sonunda da iqtisadi durğunluq və tənəzzülə aparır. Bu payızda keçiriləcək prezident seçkisi Azərbaycanın bu yollardan hansını seçməsində önəmli fürsət olacaq. Bu seçkidə bütün namizədlərə heç bir qorxusuz, təqiblərsiz, azad kampaniya aparmaq, sərbəst hərəkət etmək imkanı verilməlidir. Jurnalistlərə heç bir qondarma ittihamla həbs qorxusu, fiziki hücum, peyk yayımlarına maneə olmadan seçki kampaniyasını azad şəkildə işıqlandırmaq şəraiti yaradılmalıdır.
Qeyri-hökumət təşkilatları, dini qurumlar və vətəndaş cəmiyyətinin başqa elementlərinə hər hansı bürokratik, ya da hüquqi maneələr olmamalıdır. Azərbaycan cəmiyyəti inanmalıdır ki, onun hökuməti hansısa kiçik bir qrupun deyil, şəffaf, hüquqi normalar çərçivəsində hamının maraqlarına uyğun şəkildə idarə edilir. Bunlar Azərbaycan Respublikasının BMT, ATƏT və başqa beynəlxalq təşkilatlarda üzərinə götürdüyü öhdəliklərdir”.

Dinləmədə çıxış edən REAL hərəkatının nümayəndəsi Erkin Qədirli Azərbaycan Xalq Cümhuriyyətini xatırladaraq deyib ki, cəmi 2 il ömür sürən bu dövlət dəyər və ideya ixrac edirdi:
”O zaman 4 dəfə hökumət dəyişib, koalisiyalar dağılıb və yenidən yaradılıb. İndi isə kiçik fasilə ilə 30 ildir eyni ailə hakimiyyətdədir. Azərbaycan Xalq Cümhuriyyətini baş naziri istefadan sonra hökumətdən maddi yardım istəyirdi, indiki hakimiyyət üzləri isə böyük sərvət sahibidir”.

O, oktyabrda keçiriləcək prezident seçkisinə toxunaraq deyib ki, indiki dövlət başçısı İlham Əliyevin namizədliyi legitim deyil: “Çünki üçüncü dəfə prezident seçilmək məhdudiyyəti aradan qaldırılanda İlham Əliyev artıq prezident idi, qanunun geri qüvvəsi yoxdur”.

Milli Şuranın nümayəndəsi Eldar Namazov Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edib. O, siyasi məhbus mövzusuna da toxunub və Milli Şuranın xahişlərini səsləndirib:
Azərbaycan məmurlarına Maqnitski sanksiyasına bənzər sanksiya tətbiq edilməsi; seçkiqabağı şəraiti liberallaşdırmaq üçün rəsmiləri öhdəliklərinə sadiq olmağa çağırmaq; siyasi məhbusları azad etmək.

Eldar Namazov deyib ki, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycanda daimi yaşayır və işləyir: “O, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Ziyalılar Forumunun sədridir, Bakıdakı İbrus Teatrının rəhbəridir, onu Azərbaycandan kənarda yaşayan şəxs kimi təqdim etmək çox böyük yanlışlıqdır”.

Milli Şuranın Moskvaya bağlı olması barədə iddialara Eldar Namazovun cavabı belə olub: “Hakimiyyət təmsilçiləri ABŞ-da, Qərbdə keçirdikləri görüşlərdə Milli Şuranı Rusiya layihəsi kimi təqdim edirlər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvaya, Tehrana səfər edib onları inandırmağa çalışır ki, Milli Şura qalib gəlsə, ölkəni Avropaya doğru yönəldəcək. Amma seçkinin taleyi nə Moskvada, nə Tehranda, nə də Vaşinqtonda həll olunacaq. Azərbaycanda xalq özü seçkisini keçirib, səsinin arxasında duracaq və demokratik dəyişiklikləri həyata keçirəcək”.

Dinləmələrdə Azərbaycan hakimiyyətini təmsil edən parlament komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycan Konstitusiyasının 100-cü maddəsi başqa ölkələr qarşısında öhdəliyi olanların prezidentliyə namizəd olmasını qadağan edir: “Rüstəm İbrahimbəyov da hazırda Rusiya vətəndaşıdır. Ona görə hazırkı vəziyyətdə onun namizədliyi qeydə alına bilməz”.

O, İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyinin qanuna zidd olması barədə fikirləri qəbul etmədiyini vurğulayıb: “Bir şəxsin 2 dəfədən çox prezident seçilə bilməsinə qoyulan qadağa Azərbaycan xalqının ümumxalq səsverməsi ilə aradan qaldırılıb, xalqın əksəriyyəti buna səs verib”.

Səməd Seyidov dinləmənin mövzusunu tənqid edərək deyib ki, Azərbaycanda insan haqları haqda Qarabağ problemindən kənarda danışmaq düzgün deyil.

Dinləmədə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Tomas Melia, Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, deputat Asim Mollazadə və başqaları da iştirak ediblər.

 






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım