Ermənistanda Rusiyaya qarşı etiraz aksiyası keçirilib. Modern.az -ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Yerəvanda xeyli sayda insan Rusiya səfirliyinin binası önündə toplaşaraq Moskvada 18 nəfərin ölümünə səbəb olan erməni sürücünün məhkəmə zalına qadın paltarında gətirilməsinə etiraz ediblər.
Aksiyaçılar “Sürücü erməni, qatil həkimlər, düşmən ziyalılar, naxələf kosmopolitlər. Növbəti kimdir, cənab Putin?”, “RF Konstitusiyasının 21-ci maddəsi üzrə hər bir şəxsin ləyaqət haqqı erməni sürücülərə aid deyil”, “Şovinizmə son qoyun!” şüarlarını səsləndiriblər.
Aksiya iştirakçılarına Moskva yaxınlığında faciəli qəzanın əsas günahkarı bilinən sürücü Harutyunyanın atası, qızı, həyat yoldaşı və qardaşı da qatılıblar.
Qeyd edək ki, Ermənistan vətəndaşı Hraçya Harutyunyan iyulun 13-də Podolsk yaxınlığında 18 nəfərin ölümünə, 30-dək adamın xəsarət almasına səbəb olmuş avtomobil qəzasını törətməkdə ittiham olunub. Erməni sürücü məhkəməyə aşağılanaraq qadın xalatında gətirilib.
A.RÜSTƏMOV