
Keçən həftə Avroliqanın 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan klublarımız – Ağdamın “Qarabağ” , Bakının “İnter” və Lənkəranın “Xəzər Lənkəran “ klublarının şanslarını əməkdar məşqçi Ağasəlim Mircavadov
Modern.az üçün dəyərləndirib. “Elə düşünürəm ki, bu mərhələdə komandalarımıza normal klublarla üz-üzə gələcək. Bu mərhələdə zəiflər olmur. İlk oyunlarda həm “Qarabağ” , həm “İnter”, eləcə də “Xəzər” nəticəyə oynadılar. Özü də çox yaxşı oynadılar. Bu çox yaxşı haldır”.
Ağasəlim Mircavadov 2-ci təsnifat mərhələsi ilə bağlı nikbin əhval-ruhiyyədədir. ““Qarabağ”ın rəqibi Polşa təmsilçisidir. Polşa futbolunu tanıyırıq. Klub Avroliqda mübarizə aparırsa, deməli, zəif deyil. “Qarabağ” öz oyununu göstərə bilsə, qələbə qazanacağına inanıram”.
Əməkdar məşqçi “İnter”lə bağlı da ümidlidir. “Onu rəqibi Norveç təmsilçisi “Tromse”dir. Ümumiyyətlə, Norveç ölkə futbol ölkəsidir. Lakin son illərdə “Tromse” futbolçuları uğur qazana bilmir. Zənnimcə, “İnter” bu mərhələni keçə biləcək. O bunu keçən oyunlarda sübut etdi.
“Xəzər Lənkəran”ın rəqibi “Makkabi” isə İsralin ən güclü klublarından biridir. Hesab edirəm ki, futbolçular İsraildəki isti havanı da nəzərə almalıdırlar. Bunun oyuna da təsiri ola bilər, bu çox önəmli məsələdir. Belə oyunla İsrail təmsilçisinə qarşı oynasalar çox çətin olacaq. Cənub təmsilçisi elə taktika seçməlidir ki, bu oyunda orta xəttə və hücumda yaxşı oynaya bilsin, topu özlərində daha çox saxlasınlar. Eyni zamanda topla yaxşı işləmək lazımdır”, – deyə A. Mircavadov qeyd edib.
Qeyd edək ki , Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 18-də keçiriləcək.
Abbas Qəmli