Almaniyanın "Rheinmetall" konserni Ukraynaya daha 2 ədəd "Forward Surgical Team" markalı mobil sahə cərrahiyyə əməliyyat otağının istehsalı və təchizatı üçün müqavilə bağlayıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, müqavilənin ümumi məbləği 8 milyon avrodur.
Transfer müddəti 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlidir. 2022-ci ilin sonunda "Rheinmetall" artıq iki belə xəstəxananın Ukraynaya tədarükü üçün sifariş alıb. Sistem hər biri yük maşını, qoşqu və cəmi 6 konteynerdən ibarət 3 avtomobil dəstindən ibarətdir ki, onlar hətta istismar zamanı belə yük maşını və qoşquda quraşdırılmış qalır. Yerləşdirildikdə, bir-birinə bağlanan və genişlənən konteynerlərə qəbul və triaj sahəsi, rentgen otağı, əməliyyatdan əvvəl və əməliyyat üçün sığınacaq və reanimasiya şöbəsi daxildir.
Sistem ən son tibbi texnologiya ilə təchiz olunub. Generator və su çəni ilə təchiz edilən sistem ən azı 48 saat avtonom işləyə bilir. Bu, cəbhə xətti yaxınlığında ağır yaralı əsgərləri xilas etmək üçün çox sürətli əməliyyatlara imkan verir. Yüksək hərəkətlilik cəbhə xəttindəki dəyişikliklərə tez reaksiya verməyə və daha çox əsgəri xilas etməyə kömək edir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.