Modern.az

Putin Priqojini zərərsizləşdirə biləcəkmi... - Qiyamın məntiqi sonu

Putin Priqojini zərərsizləşdirə biləcəkmi... - Qiyamın məntiqi sonu

24 İyun 2023, 15:40

"Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatıb. Silahlılar gecə saatlarından başlayaraq Rusiyada hərbi qiyam qaldırıb. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. 

 

Bu gün muzdlular Rostov və Voronejdəki hərbi obyektlərin tam ələ keçirildiyini açıqlayıblar. "Vaqner" lideri hərəkətlərinin hərbi çevriliş olmadığını diqqətə çatdırıb. Milli Antiterror Komitəsi isə məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb. O da əlavə edilib ki, "Vaqner" rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

 

Ardınca Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. Bəzi teleqram kanallarında muzdlularla hərbçilər arasında toqquşmaların yaşandığını yazıb.

 

Maraqlıdır, Priqojinin məqsədi nədir və Rusiyadakı prosesin nəticəsi necə olacaq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Nazim Cəfərsoy hesab edir ki, üsyan Putini devirməkdən daha çox Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib.

 

“Baş verənlərlə bağlı çox məhdud məlumatlar var. Hazırda qanunvericiliyə görə, Rusiyada silahlı üsyandan bəhs edirik. Priqojinin verdiyi açıqlamalarda iki xüsusi məqam mövcuddur. Birincisi, Rusiyanın daxilində baş verən hadisələrin Ukraynada gedən hərbi əməliyyatlara təsir etməməsidir. Ancaq onu da qeyd edim ki, Ukraynada da işlər yaxşı getmir. Çünki Rusiya lazım olan addımları ata bilmir. İkincisi isə üsyanın Putini devirməkdən daha çox Şoyqu və Gerasimova qarşı yönəlməsidir” , - deyə o bildirib. 

 

 

N.Cəfərsoy vurğulayıb ki, Putin Şoyqu və Gerasimovu vəzifədən kənarlaşdırmadan öncə, Priqojini zərərsizləşdirəcək:

 

“Ümumiyyətlə, bu prosesin görünən və görünməyən tərəfləri var. Gürünən tərəfi odur ki, müdafiə nazirinin və Baş Qərargah rəisinin hansısa silahlı gücə sahib olan Priqojinin tələbi ilə vəzifədən kənarlaşdırılması imic, güc, iradə olaraq qəbul olunan şey deyil. Heç bir prezident bunu etməz. Bu mənada belə tələbin gündəmə gəlməsi indiki mərhələdə xeyirli olmaz. Putinin məsələyə reaksiyasında da mühüm detallar var. Ümumiyyətlə, dövlət səlahiyyəti və prezidentin iradəsi önəmlidir. Priqojinin sözü ilə müdafiə naziri və Baş Qərargah rəsinin işdən çıxarılması həm dövlət başçısının, həm də ölkənin imicini zədələyəcək. Rusiyanın dövlət ənənəsində belə şeylər olmayıb. Məncə, hələ ki, dövlət hazırkı vəziyyəti yumşaltmağa çalışır. Priqojin isə getdikcə daha sərt reaksiya göstərməyə davam edir. Lakin Putin Priqojini zərərsizləşdirmək planından əl çəkən deyil”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri