Modern.az

“2” qiyməti ilə “rekord vuran” rayonların deputatları: “Bu nəticə bizə pis təsir etdi”

“2” qiyməti ilə “rekord vuran” rayonların deputatları: “Bu nəticə bizə pis təsir etdi”

Təhsil

18 İyul 2013, 16:23

Yeni təhsil nazirinin qərarı ilə ümumtəhsil məktəblərini bitirən bütün məzunlara hansı qiymət almasından asılı olmayaraq attestat verilir. Yəni artıq buraxılış imtahanlarında “2” qiyməti alan məzunlar də attestat alır.

Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən 2012-2013-cü tədris ilini başa vurarkən ən çox “2” qiyməti alan rayonların siyahısını açıqlayıb. Belə ki, ilk beşlikdə Sabirabad, Saatlı, Daşkəsən, Cəlilabad, Masallı məzunlarıdır.  

71 saylı Masallı kənd seçki dairəsindən seçilən deputat Elmira Axundova mövzuya dair  danışarkən təhsillə bağlı bir sıra vacib məsələləri Masallıda keçən müxtəlif yığıncaqlarda, müşavirələrdə dəfələrlə qaldırdığını qeyd edib.
“TQDK-nın nəşrlərini və Masallıya aid imtahan nəticələrini rayona çatdırıram, məktəblərdə məktəb direktorları, müəllim və şagirdlərlə görüşlər keçirirəm. Amma təəssüflər olsun ki, həqiqətən də Masallıda da bir çox regionlarda olduğu kimi təhsilə maraq kəskin sürətdə azalıb. Masallı rayon təhsil şöbəsinin müdiri son 7 ildə bir neçə dəfə dəyişib. Görünür bu dəyişmələr də bir nəticə verməyib”. Son dövrdə məktəblərin xarici görünüşünə can atdığımızı deyən deputat vurğulayıb ki, “daxili” gözəllik, daxildən islahatlar olmamış, “xarici” gözəllik heç bir şeyə qadir deyil.
“7 il yarımdır ki, Masallı kənd seçki dairəsindən seçilmişəm və bu illər ərzində ən azı 10 məktəb təmir olunub, ya da təzədən inşa olunub. Bu yaxşı göstəricidir. Lakin bununla bərabər biz məktəblərdə ciddi islahatlar aparmalıyıq, kadr dəyişikliyi etməliyik, müəllimlərin bilik və bacarıqlarını artırmalıyıq, şagirdlərin və valideynlərin təhsilə münasibətini dəyişməliyik. Bu gün təhsilə, biliyə, oxumağa maraq, təkrar edirəm, çox aşağı səviyyədədir. Masallı rayonunda bir çox ucqar bölgələrdə olduğu kimi əksər müəllimlərimizin səviyyəsi qənaətbəxş deyil. Bəzi müəllimlər yaşlaşıb, gənc kadrlar kənd məktəblərinə can atmırlar. Bütün bunlar rayon təhsil şöbəsinin müdirini narahat etməli, təcili tədbirlər görməlidir”.
E.Axundova rayon məktəblərində müəllim çatışmazlığının olduğunu qeyd edib. “Bu barədə təhsil naziri ciddi düşünməlidir. Eyni zamanda bu nəticələr eyni zamanda rayon təhsil şöbəsinin müdirinə və onun kollektivinə də mesaj olmalıdır ki, onlar işlərində ciddi dönüş yaratsınlar. Biz, millət vəkilləri onlara bu işdə əməli kömək etməyə hər an hazırıq və yalnız bir yerdə birgə səy nəticəsində belə ciddi problemləri aradan qaldırmalıyıq”.
Deputat qeyd edib ki, sovet dönəmində Masallı rayonundan çıxan məşhur alimlər, mütəxəssislər indi də respublika hüdudlarında tanınır. “Ona görə də bu gün bu ənənəyə sadiq qalmalı və Masallıda təhsili əvvəlki yüksək səviyyəyə qaldırmalıyıq. İnanıram ki, icra başçısı Rafiq Hüseynov da bu məsələ ilə ciddi maraqlanacaq və təhsil şöbəsinin işini araşdırıb, lazımi tədbirlər görəcək”.

68 saylı Cəlilabad kənd seçki dairəsindən seçilən deputat Mirkazım Kazımov qeyd edib ki, əvvəlki illərdə rayonda təhsilin səviyyəsi yüksək olub. “Kənd seçki dairəsindən seçildiyim üçün hər zaman kənd məktəbləri ilə maraqlanmışam, bütün məktəblərin kompüterləşməsinə çalışmışam ki, şagirdlər savadlı olsun. Amma bu nəticə mənə də pis təsir etdi”.
Hazırda Azərbaycanda olmadığını deyən deputat ölkəyə qayıdan kimi rayon təhsil şöbəsi ilə bunu müzakirə edəcəyini deyib. 

Aytən ƏLİYEVA    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım