Hələ çərşənbə günü ABŞ-ın yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığına dair sübutlara malik olub.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr bildirir ki, çərşənbə günü kəşfiyyat rəsmiləri prezident administrasiyasının və ABŞ müdafiə departamentinin nümayəndələri ilə brifinqlər keçiriblər.
İddiaya əsasən, kəşfiyyat rəsmiləri Konqres liderlərindən ibarət kiçik bir qrupa məlumat veriblər.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.