Modern.az

Rusiyada baş verənlər şou deyilsə, nədir? - Politoloqlardan fərqli baxış

Rusiyada baş verənlər şou deyilsə, nədir? - Politoloqlardan fərqli baxış

Analitika

25 İyun 2023, 14:25

İyunun 24-ü gecə saatlarında “Vaqner” muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojin Rusiya ordusunun onlara arxa cəbhədən zərbələr endirdiyini iddia edərək, hakimiyyətə qarşı qiyama başladıqlarını bildirib. Bir anda dünyanın gündəmini dəyişən "Vaqner"çilər Rostov və Volojni şəhərlərini, ardınca Lipetsk vilayətini ələ keçirib, Moskvaya qədər gedəcəklərini bəyan ediblər. Lakin axşam saatlarında Priqojin hakimiyyətlə razılığa gələrək, qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkildini açıqlayıb. 

 

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Danışıqlardan sonra hərbi qiyam dayandırılıb, "Vaqner"çilər ələ keçirdikləri əraziləri tərk ediblər.

 

Rusiyada hərbi qiyamın cəmi bir gün davam etməsi, eləcə də bu müddət ərzində güc strukturlarının "Vaqner"in qarşısına çıxmaması müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, "Vaqner"in qiyamı Rusiya hakimiyyətinin hazırladığı siyasi tamaşadır.

 

Bəs azərbaycanlı politoloqlar Rusiyada baş verən hadisələri necə dəyərləndirirlər? Onların fikrincə, dünən baş verənlər şoudur, yoxsa reallıq?  


Mövzunu Modern.az-a şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Rusiyadakı hadisələrin iqtidarın oyunu olması ehtimalı azdır.

 


“Priqojinin həqiqətən ciddi qiyam niyyəti var idi. Sadəcə olaraq bu məsələ Priqojinlə Şoyqu və Gerasimov arasında olan ziddiyyət kimi təqdim olundu. Ancaq “Vaqner” muzdlularının rəhbəri Putinin ünvanına təhqirlər yağdırırdı, hakimiyyətə etirazını bildirdi. Məncə, dünən baş verənlər oyun deyil, sadəcə nəyəsə nail olmaq üçün bir məqsəd idi”,- deyə sabiq dövlət müşaviri deyib.


Q.Hüseynli vurğulayıb ki, əgər qiyam başlayıbsa, axıra qədər getməlidir: “Lukaşenko araya girərik, gərginliyin davam etməsinin qarşısını alıb. Ancaq bu, müvəqqəti bir fasilədir. Yəni süni yaradılmış status-kvodur. Çünki bu proses başlayıbsa, sona kimi getməlidir. Priqojin başlatdığı hərəkatı dayandırıb, yenidən Putinin himayəsi altında döyüşəcəksə, dünyanın ən ağılsız adamı olacaq. Çox güman, Priqojinin bütün istəkləri yerinə yetiriləcək. “Vaqner”çilərin xain adlandırılması gündəmdən çıxarılacaq. Priqojinin əsas hədəfi Şoyqu və Gerasimovun istefaya göndərilməsidir ki, bu da baş tutmalıdır. Əgər belə olmasa, əvvəlki kimi ziddiyyətlər ortaya çıxacaq”.

 


Politoloq İlqar Vəlizadə də Priqojinin başlatdığı qiyamın əvvəlcədən hazırlanmış siyasi oyun olmadığını düşünür.


“Məsələ ilə bağlı dolğun məlumatlar yoxdur. Ona görə dəqiq fikir demək çətindir. Rusiya hakimiyyəti dünən baş verənlərdən maksimum yararlanmağa çalışacaq. Çünki son olaylar göstərdi ki, Rusiyada daxili proseslər aktivləşib və bəzi qüvvələr hərəkətə keçib. Onların reaksiyası da hakimiyyət üçün müəyyən ismarıc kimi qəbul edilə bilər. Sözün açığı, mən düşünmürəm ki, bu şou idi. Çünki ortaya sual çıxır ki, Rusiyanın belə şounu yaratmaq məqsədi nə idi? Hadisələri oyun kimi düşünsək, bunun “stavka”ları çox yüksəkdir”,- o qeyd edib. 

 

İ.Vəlizadə söyləyib ki, Priqojin özündən istifadə olunduğunu düşünərək, belə addım adıb: “Kremlin sözçüsü özü də qeyd etdi ki, Priqojinin dayandırılmasında Lukaşenkonun böyük rolu olub. O, hətta Lukaşenko ilə Priqojinin 20 ildir bir-birilərini tanıdıqlarını vurğulayıb. Bu iki şəxs arasında dostluq olduğunu mən ilk dəfə eşidirdim. Priqojin Putinə çox yaxın olan şəxsdir. Putin özü də çıxışdan üsyanın sarsıdıcı olduğunu söyləmişdi. Yəni əgər bütün bu baş verənlər oyun olsaydı, Rusiyanın prezidenti belə çıxış etməzdi. Bəzi onları tanıyan şəxslər də vəziyyətin həqiqətən mürəkkəb olduğunu bəyan etdilər. Məncə, bu, oyun deyil. Sadəcə Priqojin fikirləşdi ki, ondan bu oyunda çox pis istifadə edirlər. Onsuz da müəyyən ismarıclar verirdi. Lakin qeyd etmək lazımdır ki, Putin belə şeyləri bağışlamır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri