Modern.az

Yeni qanun taksi xaosunun qarşısını ala biləcəkmi?..

Yeni qanun taksi xaosunun qarşısını ala biləcəkmi?..

26 İyun 2023, 13:06

Azərbaycanda taksilərlə bağlı problemlərdən xilas olmaq üçün qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur. Milli Məclisdə müzakirəyə çıxarılan layihə taksi xidmətlərinin qiyməti ilə yanaşı sürücülərin psixoloji hazırlığına qədər bir çox məqamları özündə əks etdirir.

 

Doğrudur, sözügedən təklifə münasibət birmənalı deyil. Bir çox insanlar taksi qiymətlərinin artırılmasına qarşıdır. Lakin mövcud xaotik vəziyyət - taksilərin say çoxluğu, sürücülərin ağır iş şəraiti, tərcübəsiz gənclərin qeyri-peşəkarlığı nəticəsində yol-nəqliyyat hadisələrinin sayının artması, həmçinin sərnişinlərə qarşı etik davranış qaydalarına əməl edilməməsi və bu kimi digər problemlər bizi narahat etməyə bilməz.

 

Əlbəttə, problem varsa, qarşısı mütləq şəkildə alınmalı, inzibati tədbirlər görülməlidir. Əks halda psixoloji durumu yerində olmayan bəzi dırnaqarası sürücülərin ucbatından həyatımız dava-dalaşla, qalmaqalla keçəcək. 

 

“Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, taksi xidməti ilə bağlı neqativ halların qarşısının alınması məqsədilə sürücülər etik davranış qaydalarına dair təlimdən keçməli olacaq. Bundan əlavə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlardan rəsmi icazə sənədi tələb ediləcək. Dövlət qeydiyyatına alınmayan təcrübəsiz sürücülər taksi fəaliyyəti göstərə bilməyəcək. Qanunun tələblərinə əməl etməyən sürücülər isə cərimə ilə cəzalandırılacaq. 

 

Bəs, hökumətin yeni taksi layihəsi illərdən bəri yığılıb qalan problemləri aradan qaldıra biləcəkmi?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, qanun qəbul olunandan sonra bu sahədə məsələlərin tənzimlənəcəyini gözləmək sadəlövhlük olar:

 

“25-30 ildir ki, taksi sahəsində islahatların aparılması istiqamətində düşünülür. Amma məsələyə korporativ baxış bucağından yanaşılır. Yəni kimin taksi sahəsinə gəlməyi, kiminsə taksometr qoymağı önəmlidir. Burada maraqlar üzərində qurulmuş yanaşma mövcuddur. Açığı, nəqliyyat infrastrukturunu düzəltmədən, ictimai nəqliyyatın problemlərini həll etmədən taksi xidmətini dəyişməklə guya tıxacın qarşısının alınacağı ilə bağlı illüziyalar boşunadır. Qanunun hansısa müsbət nəticələr verəcəyini düşünmürəm. Təbii ki, tənzimləmə yaxşı niyyətlə olarsa, taksi şirkətlərinin işini tənzimləmək lazımdır. Ancaq taksi qiymətlərini bahalaşdırıraq, guya ictmai nəqliyyata həvəsi artırmaq yanlış yanaşmadır. Çünki nə metro, nə də atobus arzulanan səviyyədə və arzulanan vaxtda insanları ünvana çatdırmır. Yol infrasturukturu elə qurulub ki, avtobuslar ləngiyə bilirlər. Bu cür qanunlar elə şəkildə verilir ki, digər tərəflər nəzərə alınmır. Bir icra hakimiyyətinin, yaxud bir qrupun maraqlarını əsas götürərək qərar alınır”.

 

Deputatın fikrincə, ortada ümumi müddəalar olmalıdır: “Məsələn, ayda yox, hər gün hər reysdən qabaq tibbi müayinə illüziyadır. Hər gün yoxlanmağa kim gedəcək. 10-15, uzağı 20 manat pul verib sənədini alıb yola çıxacaqlar. Bu da açığı narahatlıq yaradan məsələlərdən biridir. Rüşvət mənbəyi kim baxıla bilən məsələdir. Taksi xidmətinə dövlətin bu dərəcədə müdaxilə etməsinə nə ehtiyac var? Burada ümumi müddəalar olmalıdır. Rəqabətdə olan şirkətlər də həmin müddəalara əməl edirlər. Rəqabət ortadan qalxanda nə olacaq? Hər sahədə olan monopoliya buraya da köçürüləcək. Qiyməti qaldıracaqlar. İctimai nəqliyyat keyfiyyətsiz olduğu üçün insanlar ona yönəlməyəcək”.

 

 

Fazil Mustafa psixoloji problemləri olan sürücülərin işdən çıxarılmasının işsizlər ordusunun sayının artmasına səbəb olacağını düşünür:

 

“Şirkətlər məsuliyyət hiss edib, belə insanları işə götürməyə bilər. Ancaq işsizlər ordusu artacaq. Məşğulluq səviyyəsi onsuz da aşağıdır. Bu insanların əksəriyyəti taksi sürücüsü kimi peşəkar deyillər. Bunlar sadəcə ölməmək, gündəlik çörəkpulu qazanmaq üçün əzablı-əziyyətli işə qol qoyurlar.  Digər insanların başqa sahədə məşğulluq problemini həll etmədən buradan uzaqlaşdırılmaların həyata keçirilməsi sosial narahatlığın yaranmasının əsas səbəblərindən biri olacaq.

 

Məsələyə kompleks baxmaq əvəzinə sadəcə bədənin qan axan hissəsini bağlamaqla problemin həll olunacağını düşünmək sadəlövhlük olar. Bu qanundan sonra ilk dönəmdə nizamlı fəaliyyət tənzimlənə bilər. Amma qiymət bahalığı elə olacaq ki, əvvəlki dövrlərin taksi xidmətini daha çox xatırlamalı olacağıq. Çünki taksi çağırıb ünvana daha ucuz qiymətə hərəkət etmək imkanı olduğu halda, ictimai nəqliyyata üstünlük veriləcəyinə inanmıram. Qanun ciddi şəkildə müzakirə edilməlidir. Elə-belə qanun qəbul etmək baş aldatmaqdan başqa bir şey olmayacaq və problemi həll etməyə kifayət etməyəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular