Şənbə günü "Vaqner" muzdlu hərbi birləşməsi Rusiyanın Voronej vilayətindən keçən zaman 20-yə yaxın evə ziyan dəyib.
Modern.az xəbər verir ki, bu barədə vilayətin Pavlovski rayonunun rəhbəri Maksim Yantsov bildirib.
“İyunun 24-də Yelizavetovka yaxınlığında “Vaqner”in kolonu ərazimizdən keçərkən baş vermiş atışma nəticəsində kənddə 19 təsərrüfata ziyan dəyib”, - o yazıb.
Yantsov əlavə edib ki, hazırda əraziyə baxış keçirilir, insanlara dəymiş ziyanın ödənilməsinə və problemlərin aradan qaldırılmasına köməklik göstəriləcək.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.