Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Görüşdə Baş prokuror İqor Krasnov, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov, Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Kreml administrasiyasının rəhbəri Anton Vayno iştirak edib.
Görüşün detalları açıqlanmayıb. Hakimiyyətə yaxın teleqram kanalları Rusiyada baş verən son hadisələrin müzakirə edildiyini yazır.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.