"Rusiya jurnalistlərinin qarşısında geosiyasi mühitimizdə baş verən hadisələri obyektiv işıqlandırmaq kimi məsuliyyətli vəzifə durur".
Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Kasım-Jomart Tokayev Rusiyada baş verən hadisələrlə bağlı danışarkən deyib.
"Siz bu vəzifənin öhdəsindən uğurla gəlirsiniz. Qazaxıstanla Rusiya arasındakı sərhəd dünyanın ən uzun dövlət sərhəddidir. Biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir", - prezident qeyd edib.
"Əvvəldən Rusiya Federasiyasının prezidenti ilə telefon danışığı zamanı onun hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, - Tokayev əlavə edib.
Qazaxıstan prezidenti həmçinin bildirib ki, Putin yaxın vaxtlarda Qazaxıstana səfər edə bilər.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.