Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Bu barədə Modern.az-a Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir