Modern.az

Priqojinə görə rusiyalı general həbs edilib - İDDİA

Priqojinə görə rusiyalı general həbs edilib - İDDİA

29 İyun 2023, 12:02

Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” muzdlularının qiyamından sonra Ukraynadakı Rusiya qoşunlarının komandanının müavini, general Sergey Surovikin həbs edilib.

 

Modern.az xəbər verir ki, bu iddia ilə "The Moscow Times" nəşri çıxış edib.

 

Nəşr qeyd edir ki, qiyam zamanı Surovikin "Vaqner"ə dəstək verib. "Görünür, Surovikin qiyam zamanı Priqojinin tərəfini seçib", - məlumatda bildirilir.

 

Qeyd edək ki, Surovikin əvvəllər Ukraynadakı əməliyyat qüvvələrinin birgə qrupunun komandanı vəzifəsini icra edib. Bu ilin yanvar ayında onu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əvəz edib, Surovikin isə onun müavini təyin edilib. General Rusiya ordusu daxilində Priqojinlə əlaqələri olan generallardan biri hesab edilir.

 

"The New York Times" nəşri mənbələrinə istinadən yazıb ki, Surovikin Priqojinin üsyan planlarından əvvəlcədən xəbərdar olub. Qeyd olunur ki, rəsmilər Surovikinin Priqojinin qiyamını planlaşdırmağa kömək edib-etmədiyini öyrənməyə çalışırlar.

 

Nəşrin həmsöhbətlərinin fikrincə, Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini zorla dəyişdirmək cəhdini digər rus generallarının da dəstəklədiyinə dair işarələr var.

 

Xatırladaq ki, iyunun 24-də "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?