Modern.az

“Qisas-3” - Erməniləri qorxuya salan video tezliklə real olacaq

“Qisas-3” - Erməniləri qorxuya salan video tezliklə real olacaq

Aktual

3 İyul 2023, 12:15

Azərbaycan Televiziyasında (AzTV) yayımlanan süjet erməniləri qorxuya salıb. Süjetdə Qarabağda 10 mindən çox silahlı separatçının varlığının Rusiya tərəfindən görməzdən gəlinməsinin yeni əməliyyata zəmin yaratması kimi qiymətləndirilib. Bildirilib ki, Ermənistanın təxribatçı davranışları “Qisas-3” əməliyyatına zəmin yaradır.

 

Bəs Azərbaycan Ordusu yaxın zamanlarda antiterror əməliyyatına başlayacaqmı? AzTV-nin sözügedən süjeti nədən xəbər verir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekpsert Elxan Şıxəliyev söyləyib ki, ermənilər şərti sərhəddə təxribatlar törətməklə, xüsusilə "Laçın" sərhəd-keçid məntəqəsində əsgərimizi yaralamaqla eskalasiyanı başladıb.

 

“Həmçinin, silahlı dəstələr Qarabağda əsgərimizi yaralamaqla mövcud gərginliyi pik həddə çatdırıb. Xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündə bildirildi ki, tərəflər sülh sazişinin bəzi müddəaları üzrə razılığa gələ bilməyiblər. Bu, o deməkdir ki, siyasilər razılaşa bilmir, yəni Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmır. Belə məqamda şərti sərhəddə müəyyən insidentlərin olması anlaşılan idi. Çünki sərhədlər hələ tam dəqiqləşməyib, demarkasiya və delimitasiya işləri aparılmayıb. Prezident İlham Əliyevin Laçındakı çıxışında Qarabağda yaşayan ermənilər üçün yol xəritəsi elan edilmişdi. Həmin çıxışda Azərbaycanın ermənilərlə bağlı istəkləri dilə gətirilmişdi. Lakin separatçılar bizim təklifimizi qəbul etmədilər, bizə reinteqrasiyanı qəbul etmədiklərini və döyüşəcəklərini demişdilər. Onlar belə addım atmaqla Azərbaycana antiterror əməliyyatının keçirilməsi variantını saxlayırlar”,- ekspert bildirib.

 

 

E.Şıxəliyev vurğulayıb ki, ölkəmizin indiyə qədər yeni əməliyyatlara başlamamasının səbəbi separatçı rejimin müsbət mesaj verəcəyini gözləməsidir.

 

“Separatçılar Azərbaycan tərəfindən təsis edilmiş sərhəd-keçid məntəqəsinin bağlanması üçün təxribatlar törədir. Bunun digər bir məqsədi isə proseslərin dalana dirənməsidir. Azərbaycan da qeyri-qanuni silahlı dəstələrin aradan qaldırılması üçün antiterror əməliyyatlarına başlamalıdır. Ali Baş Komandan da çıxışlarında bununla bağlı mesajlar verib. Eyni zamanda müdafiə naziri mətbuata açıqlamasında bildirdi ki, separatçılar, Ermənistan və onların dəstəkçiləri antiterror əməliyyatının yaxın zamanda keçirilməsi üçün bizi təhrik edirlər. Bütün bu proseslər bir daha göstərir ki, antiterror əməliyyatının keçirilməsinin vaxtı yetişib. Orada Rusiya sülhməramlıları var, onlar erməniləri məcbur etməlidirlər. Ümumiyyətlə, ermənilərin üç variantı var. Birincisi inteqrasiyaya razılaşmalı, ikincisi Qarabağdan getməlidirlər, üçüncüsü isə əməliyyatlar keçirilməlidir. Bunların hər biri Azərbaycana sərf edir. Ona görə də siyasi proseslərin gedişatı antiterror əməliyyatının keçirilməsinin qapıda olduğunu göstərir”, - hərbi ekspert əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi