Dörd ildir bütün mətbuat qarnını yerə sürtürdü ki, bu “nemes”dən sizə haray yoxdur. Amma hər dəfə AFFA rəhbərliyi çıxıb deyirdi ki, “Foqts bizə söz verib, 2016-ci ildə Avropa çempionatına gedirik”. Bu da nəticə. AFFA baş katibi Elxan Məmmədov milli komandaya baş məşqçi axtardıqlarını deyər-deməz “nemes” də qayıdıb ki, “mən də burda görüb bildiklərimi kitab edib, dünyaya duy vuracam”.
Hələ üstəlik FİFA və UEFA da bu işdən şad olacaqmış. Mən razı ki, hər il AFFA-da futbol adıyla o qədər pullar havaya sovrulur ki. Berti də bunu neçə ildir görür. Bəs niyə indi qımıldanır? Görünür yerinin laxladığını hiss edib. Zarafat deyil e, milli komandanı ildə 5 oyuna çıxart, 6-7 xal yığ, hələ onu da qazana biləsən, əvəzində 2-3 milyon avronu qatla qoy cibinə. Bu hələ mətbuatın yazdığı rəqəmdir.
Deyilənə görə Foqtsun burdakı illiyi 5 milyon civarındadır. Amma şəxsən mən dəqiq bilirəm ki, Bertidən bir neçə ay əvvəl futbol millimizə rəhbərlik etmiş Şahin Diniyev bu işə görə ayda 8 min dollar alırmış. Deməli ildə yüz min dollar. Nəticəyə baxaq. Şahin Diniyev bu milliylə beş xal qazanmışdı, Berti isə yeddi xal. Deməli neçə ildir bu iki xalın vurhavurudur?
Elə ondansa həmin pulun yarısının yarısını verin bir sarsaq rəqib komandaya, neçə top istəyirsinizsə, buraxsın da. Necə ki, bunu yerli çempionatda edirsiniz. İndi görürsünüzmü, neçə ildir hər kəsdən qoruduğunuz nemes sizə necə mədəni barmaq silkələyir?
“Nə vaxtsa mən də burda baş verənlərdən, gördüklərimdən danışacağam. UEFA və FİFA bu xəbərləri eşidəndə çox sevinəcək” nə deməkdir? Deməli vaxtında elədiyiniz hansısa “qrexlər” var ki, Berti də bunlara eyham vurur. Əgər Elxan Məmmədovun bu açıqlamasından sonra Berti Foqtsla müqavilə pozulmasa, deməli alman haqlıdır, ortada nələrsə var. Çünki AFFA kimi mətbuata o qədər də açıq olmayan bir qurumda bir məsələ yüz dəfə müzakirə edilməsə, baş katib səviyyəsində açıqlama verilməz.
Amma yəqin ki, futbolumuzun başbilənləri neçə ildir çörək verdikləri qocadan belə şantaj gözləmirmişlər.
Gözləyək, hər halda yaxın aylarda kimin haqlı olduğu bilinəcək. Bəlli olan bir şey var ki, AFFA Azərbaycan futbolunun və minlərlə, bəlkə də milyonlarla futbol azarkeşinin sinirləriylə oynayır.