Modern.az

Kiyevdə soydaşımıza qarşı TƏXRİBAT - İş adamı təhdid edilir

Kiyevdə soydaşımıza qarşı TƏXRİBAT - İş adamı təhdid edilir

3 İyul 2023, 19:03

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlılara məxsus restoranda təxribat törədilib. Belə ki, azərbaycanlı iş adamı Natiq Quliyevə məxsus "Dubrovka" adlı restoranda iyulun 1-i yerli sakinlər tərəfindən keçirilən mərasimdə rusiyalı müğənni Lepsə məxsus musiqi səsləndirilib.

 

Ukraynada qanunla qadağan olunmuş Lepsin musiqisini banket iştirakçısı olan müştərilərin özləri ilə gətirdiyi musiqiçilər səsləndiriblər.

 

Natiq Quliyev obyektinin administratoru ilə birlikdə banket zalına yaxınlaşıb və musiqini dayandırıb, hadisə yerinə polis çağırılıb.

Fotoda: Natiq Quliyev

 

Ancaq sosial şəbəkələrdə hadisə qəsdən fərqli təqdim olunub və musiqinin guya restoran sahibləri tərəfindən sifariş edildiyi iddia edilib. "Report"un məlumatına görə, humanitar yardımlara gorə Ukrayna Silahlı Qüvvələri tərəfindən mükafatlara layiq görülən Natiq Quliyev hadisədən sonra sosial şəbəkələr, telefon zəngləri və digər vasitələrlə ciddi təhdidlərə məruz qalıb. 

 

Hadisə ilə bağlı Modern.az-a danışan Azərbaycanın Ukraynadakı diasporunun nümayəndəsi Faiq Hüseynov söyləyib ki, Natiq Quliyevlə dostdur və bu hadisə onun obyektində baş verib. 


“Ümumiyyətlə Ukraynada olan azərbaycanlılar restoranlarında müharibə ilə əlaqədar canlı musiqini qadağan edib. Natiqin restoranında əlavə olaraq qapalı bir banket zalı var. Orada bir şəxs 35 nəfərlik bir məclis sifariş etmişdi. Həmin şəxslər də özləri ilə karaoke avadanlıqları gətirdilər. Restoranda çalışan məsul şəxslər həmin adamlara xəbərdarlıq edib və burada Ukrayna qanunvericiliyinə əsasən rus musiqilərinin səsləndirilməsinin qadağan olunduğu bildirilib. Buna baxmayaraq həmin ukraynalılar rus mahnısı ifa ediblər və çöldə oturan qonaqlardan biri bunu eşidərək video çəkməyə başlayıb. Bundan sonra orada böyük hay-küy yaranıb, daha sonra isə restoranın administratoru və Natiqin özü də yaxınlaşaraq rus musiqisinin qadağan olunduğunu bildirib. Məhz həmin anları videoya çəkən qadın da bunu "YouTube"yə yerləşdirərək Azərbaycan restoranında rus mahnısının ifa olunduğunu iddia edib. Yəni o xanım insanlara yanlış məlumat verib. Çünki restoran sahibinin və işçilərin heç bir günahı yoxdur”,- deyə o vurğulayıb. 

​​​​​​
Fotoda: Faiq Hüseynov 

 

Diaspor nümayəndəsinin sözlərinə görə, artıq təhdid dolu zənglərin sayı azalıb.

 

“Natiq mənim tapşırıqlarıma əsasən, polisə zəng edib, onları hadisə yerinə çağırıb və baş verənlərin onunla heç bir əlaqəsinin olmadığı ilə bağlı ərizə təqdim edib. Buna baxmayaraq həmin polislər restorana kiçik məbləğdə, həmin musiqini sifariş edənlərə isə böyük həcmli cərimə yazıb. Lakin həmin video sosial şəbəkələrdə olduğuna görə müəyyən adamlar Natiqə zəng edərək, ona restoranının yandırılacağı ilə bağlı təhdidlər səsləndiriblər. Həmin vaxtlar bəzi hərbçilər də gələrək Natiqə öz dəstəyinin ifadə etdilər. Yəni ukraynalıların özləri də bunun bir səhv olduğunu anlayıblar. Qeyd edim ki, orduya yardım etdiyi üçün Natiqə dövlət tərəfindən bir neçə dəfə təşəkkürnamə təqdim olunub. Bunu bildikdən sonra bütün əlaqələrimizi ayağa qaldıraraq məsələnin əsl üzünü insanlara çatdırmaq istədik. Bəzi teleqram kanallarının sahiblərinə zəng edərək onları biabır etdik ki, məsələnin iç üzünü bilmədən niyə bu videonu paylaşırsız?! Onlar da guya bunu bilmədiklərini söyləsələr də, təxribatın həmin şəxslər tərəfindən reytinq xatirinə edildiyini onlara bildirdim. Daha sonra bəzi teleqram kanlları məsələnin əslində necə olması ilə bağlı məlumatlar yaydılar. Bundan sonra həmin musiqini sifariş edən şəxsləri mən özüm tapdım. Onlarla danışaraq videolarını çəkdim. Həmin şəxslər üzlərinin göstərilməməsini xahiş etdilər. Çünki belə olmasa, onların evlərinin yandırılacağını qeyd etdilər. Qısacası, hadisənin səbəbkarları bütün təfərrüatları özləri danışdılar. Mən Natiqlə 1-2 saat öncə danışdım və o, təhdidlərin azaldığını söylədi. Yaxşı ki, bu məsələnin aydınlaşdırılması üçün tez tərpəndik”, - Faiq Hüseynov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi