Gündəlik şəxsi tələbatı ödəmək və ya hər hansı biznesi qurmaq üçün mütləq əlavə vəsaitə ehtiyac var. Bütün bu tələbatları qarşılamaq üçün isə kredit təşkilatlarına, xüsusən də banklara müraciət edirik. Əslində aldığımız kreditlər qeyd etdiyimiz bu dar çərçivədən də kənara çıxa bilir. Məsələn, ölkədə iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Amma bir çox hallarda aldığımız kreditlər işimizə yaramaq əvəzinə bizi yarı yolda da qoya bilir. Çünki banklar krediti yüksək faizlə verir.
İqtisadçı Samir Əliyev Modern.az-a bildirib ki, Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin yüksək olması təkzib olunmaz bir faktdır. Bu məsələyə ayrı-ayrı vaxtlarda münasibət bildirilib və faiz dərəcələrinin aşağı salınması ilə bağlı ekspert mövqeləri ortaya qoyulub. Samir Əliyev deyir ki, bunun günahı heç də təkcə banklarda deyil. “Çünki yüksək faiz dərəcələrinə rəğmən verilmiş kreditlərə görə bankların marjası 4-5% təşkil edir. Əsas səbəb banklar tərəfindən cəlb olunan vəsaitlərin dəyərinin baha olması və ölkə iqtisadiyyatında banklardan asılı olmayan risklərin yüksək olmasıdır. Bankların ucuz resurs cəlb etmək imkanlarının artırılmasında Mərkəzi Bankın da üzərinə böyük məsuliyyət düşür. Araşdırmalarımız göstərir ki, bankların kredit portfelinin təxminən yarısı əhalidən cəlb edilən əmanətlər təşkil edir. Bu göstərici bəzi banklarda hətta daha yüksəkdir.
Cəlb edilmiş əmanətlərin faiz dərəcəsi kreditlərin faiz dərəcələrinə təsir göstərir. Yəni əmanətlərin faiz dərəcələri ilə kreditlərin faiz dərəcələri arasında birbaşa asılılıq var”. Ekspert hesab edir ki, Mərkəzi Bank indiki dövrdə əmanətlərin faiz dərəcəsinin aşağı salınması istiqamətində ən azı iki addım atmalıdır. Onun sözlərinə görə, ilk olaraq dövlət tərəfindən sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınmalıdır. “Hazırda 12% və daha aşağı faizlə cəlb edilən əmanətlər dövlət tərəfindən sığortalanır. Bu o deməkdir ki, konkret bank hansısa səbəbdən bağlandıqda həmin banklarda yerləşdirilmiş əmanətlər sahiblərinə tam olaraq (30 min manatdan çox olmamaq şərti ilə) qaytarılır. Mərkəzi Bankın təşəbbüsü ilə sığortalanma həddi 12%-dən ilkin olaraq 10%, sonrakı dövrlərdə 8%-ə və hətta inflyasiya səviyyəsindən asılı olaraq 6%-ə qədər endirilə bilər. Bu addım əmanətçiləri sığortalanan hədlərə üstünlük verməyə sövq edəcək və nəticədə əmanətlərin orta illik faiz dərəcəsi aşağı salınacaq. İllik 12%-lə cəlb edilən əmanətlə 6%-lə cəlb edilən əmanət arasında kifayət qədər enmə intervalı var.
Yeri gəlmişkən, sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınması siyasəti bankların məcmu kapitalının minimum həddini 50 milyon manata qaldırılması ilə bağlı qərardan əvvəl verilməsi addımın effektini daha da artırardı.
Mərkəzi Bankın ikinci addımı əmanətlərin cəlb edilməsi üzrə məcburi ehtiyat normasını aşağı salması ola bilər. Bu normanı hazırkı 3%-dən 1%-ə salınması bankların sərbəst vəsaitlərinin artmasına gətirib çıxara bilər. Hər bir halda bu iki addım atılması ölkənin kredit bazarında həm cəlb edilən, həm də əhaliyə verilən kreditlərin ucuzlaşması gətirib çıxarar”, – deyə Samir Əliyev bildirib.
Gültəkin ƏLƏSGƏR