Modern.az

Azərbaycan diasporu bu gün: Birik, bərabərik, güclüyük... 

Azərbaycan diasporu bu gün: Birik, bərabərik, güclüyük... 

Diaspor

5 İyul 2023, 11:37

5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması günüdür. Qurumun fəaliyyətə başlamasından 21 il keçir. Komitə həmin tarixdən bəri xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun təşkilatlanmasında, vahid struktur kimi formalaşmasında mühüm rol oynayıb. Məhz bu qurumun koordinasiyası nəticəsində Azərbaycan diasporu sistemli şəkildə fəaliyyət göstərir və böyük uğurlara imza atır.

 

Vətəndən kənarda yaşayan soydaşlarımızın birləşməsi, onların Azərbaycan üçün səylə və həvəslə çalışması, həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük işlər görüb. Haqqında bəhs etdiyimiz dövlət qurumu rəsmən 2002-ci ildə yaradılsa da, onun əsası 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında qoyulub.

 

Belə ki, müvafiq sahədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində görülən işləri vahid mərkəzdən icra etmək üçün ixtisaslaşmış qurumun yaradılması zərurəti ortaya çıxıb. Komitə ilk yarandığı dövrdə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” adlanırdı. 2008-ci ildə isə qurum indiki adını aldı.

 

Son illərdə formalaşdırılmış Koordinasiya Şuraları, Azərbaycan Evləri kimi təsisatlar diaspor işinin daha da geniş vüsət almasına şərait yaradıb. Xaricdəki həmvətənlərimizin Azərbaycana bağlılığı düşünülmüş siyasətlə birləşdikdən sonra bu sahədə nailiyyətlər daha da artıb. Diaspor-dövlət münasibətlərinin tənzimlənməsində də irəliləyişlər göz qabağındadır.

 

Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi dövründə görülən işlərin əhəmiyyəti və həyati maraqlarımızın təmin olunmasındakı rolu özünü daha qabarıq surətdə büruzə verdi. Diaspor təşkilatlarının əlaqələndirilmiş birgə fəaliyyəti nəticəsində dünya ermənilərinin və onlar üçün lobbiçilik edən dairələrin təbliğatı məqsədinə çata bilmədi. Bu yolda qarşı tərəfin təxribatlar törətməsi, əngəllər yaratmağa çalışması işə yaramadı, tamamilə fiaskoya uğradılar.

 

İnformasiya cəbhəsində düşmənə vurulan sarsıdıcı zərbələr diaspor təşkilatlarımızı daha ciddi şəkildə öz işlərini davam etdirməyə stimullaşdıran motivasiya mənbəyinə çevrildi. Sosial platformalarda, mətbuat səhifələrində, beynəlxalq təşkilatlarda və ayrı-ayrı ölkələrin dövlət qurumlarında əsaslı şəkildə məsələlərin qaldırılması, aksiyaların keçirilməsi, uğurlu təbliğat işinin qurulması hərbi sahədə əldə olunmuş qələbəni daha da ötkəm etdi.

 

Koronavirus pandemiyası dövründə də təşkilatlanmış diasporun nə qədər əhəmiyyətli institut olduğuna şahidlik etdik. Bu dövrdə ehtiyac içində olan soydaşlarımıza, yaşadıqları ölkələrdəki köməksiz insanlara dəstək olan diaspor təşkilatlarımızla dövlət komitəsinin həmahəng işləməsi öz müsbət nəticələrini göstərmiş oldu.

 

Komitənin dəstəyi və təşəbbüsü ilə yaradılmış, həyata keçirilmiş “Qarabağ” məktəbləri, Diaspor gənclərinin Yay Düşərgəsi, “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin formalaşdırılması, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması – diasporamap.com, xaricdəki azərbaycanlıların bioqrafiyalarının toplandığı ətraflı axtarış sistemi -www.azerbaycan.li, “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az, Diaspor TV, Diaspor FM və digər çoxsaylı layihə və tədbirlər Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına, güclənməsinə vəsilə olub.

 

Təbii ki, yuxarıda sadalananlar Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 21 il ərzində görülən işlərin bir yazıya sığışacaq sadəcə cüzi bir hissəsidir. Əminliklə demək olar ki, bu vaxta qədər görülmüş işlər gələcəkdə görüləcək işlərin təminatçısıdır. Komitənin bundan sonrakı fəaliyyət dövründə həyata keçirəcəyi layihələrdə, görəcəyi işlərdə də müvəffəqiyyətli olması həm Azərbaycan diasporunun, həm də ölkəmizin inkişafına mühüm töhfə verəcək.

 

Şübhə yoxdur ki, 44 günlük Vətən müharibəsi dövründə, Ukrayna hadisələri fonunda soydaşlarımıza dəstək göstərilməsi işində, eləcə də pandemiyadan zərər çəkən soydaşlarımıza və azərbaycanlı tələbələrə yardım prosesində əldə edilən uğurlar daha böyük nailiyyətlərdən xəbər verir. Bu gün həm də fəxrlə vurğulamalıyıq ki, dünyanın hansı ölkəsində yaşamasından aslı olmayayaraq, azərbaycanlılar vahid yumruq halında birləşərək, vətənimizin bütövlüyü və dünyada tanıdılması uğrunda var gücləri ilə çalışırlar. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər