Modern.az “Fotoların dili ilə” layihəsində növbəti yazını təqdim edir. Xatırladaq ki, layihə çərçivəsində “Ət yeyən quş dimdiyindən bəllidir.” el məsəli kontekstində siyasilərin və məmurların “Fizioqnomiya” testini və bədən dillərinin təhlilini izah edirik. İnsanlar ətraf aləmi 5 lamisə (duyğu) orqanına əsasən dərk edir, informasiya toplayır. Bu baxımdan görmə qabiliyyətimiz yalnız əşyaların forma, rəng, qabariti və s. haqqında məlumat əldə etməmizə şərait yaratmır. O eyni zamanda rastlaşdığımız insanların müəyyən mənada iç dünyasına daxil olmağa, bizi həmişə maraqlandıran “necə insandır” sualına cavab tapmağa da kömək etmiş olur. İnsanların üz kodları onların şəxsiyyəti və xarakteri haqında çox informasiya verir ki, biz də bəlkə də çoxları üçün sirli hesab edilən bu vacib məqamları oxucularımızla bölüşürük. Layihənin budəfəki siması son dərəcə emosional, fərqli və tərəddütlü xarakter sahibi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. NLP Master Babək Bayramovla birlikdə Bakı merinin “Fiziqnomiya” testini və ya üz kodlarına əsasən xarakterini oxuculara təqdim edirik.
Hacıbala Abutalıbov haqqında qısa ARAYIŞ: Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirib.
Elmlər Akademiyasının müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professordur. 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
Baş. Yan tərəflərə azacıq əyilmiş baş forması insanın müşahidə qabiliyyətinin güclü olmasından xəbər verir. Gözü açıq və ayıq bir şəxsiyyət tipi var. Başlarını çox zaman bu şəkildə saxlayan insanlar əksər hallarda saxtakar olurlar. Bundan başqa bu fiziki xüsusiyyət öz içində zarafatcıllığı daşıyır.Alın. H.Abutalıbovun alnının quruluşuna fikir verirsinizsə geniş və guşəlidir. Bu isə onun xəyalpərəstliyini bəlli edir. Yandan baxdıqdan daha çox düzbucaqlı şəklində olması, əyilməyə meylli olmaması təvazökarlıqdan xəbər verir. Paralel qırışılar sağlam düşüncəni və ədaləti təmsil edir.
Qulaqlar. Başa maksimum yaxın yastı qulaqları olanlar normaları sevənlərdir. Eynilə merimizdəki kimi.
Gözlər. Geniş açılmış və ifadəsi dinamik dəyişən gözlər həssaslığı bildirir. Qaşlar adətən yuxarı, qaş ucları isə gizgahlara doğru dartılır. Kipriklər isə kəskin şəkildə yuxarı qalxır. Bütün bu əlamətlər enerjinin çoxluğuna işarədir. Cəsarətli və qərarlıdır. Çox və ya az danışan olmalarına baxmayaraq, açıq danışmağı sevir. Belələrinə açıq danışmağa məhdudiyyət qoyduqda içlərinə qapılırlar.
Burun. Təkəbbürlü və şöhrətpərəstdir. Eyni zamanda çox enerjili bir fərdiyyəti bildirən bir burun formasıdır. Bu xüsusiyyət, bir qədər də onun cavabdehlikdən qaçmağa meylli olmasına işarədir.
Dodaqlar. İncə dodaqlar bu xarakterin təkibində hiyləgərliyin, qəddarlığın, yalançılığın və eqoistliyin olduğunu büruzə verir. Sirr saxlamağı sevən bir şəxsdir.
Çənə. Sivri çənə, öz sahibinin təsiredici zəkaya malik olduğunu bildirir. Əlavə olaraq bu fiziki xüsusiyyətin daşıyıcalarının zarafatcıl olduqlarını demək olar.
Qeyd: Şəxsin üz forması və cizgilərinin xarakterlə əlaqəsi barədə qeyd olunanlar “Fizioqnomika” testinə əsasən çıxan nəticələrdir. Rəsmi dairələrdə əsas kimi istifadə edilə bilməz.
Elçin MURAD