Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb. Parlament Jurnalistlər Birliyinin dəvəti ilə Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərini Bakıda görməkdən məmnun olduğunu deyən Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini və bu əməkdaşlığın daha da genişlənməsinin hər iki ölkənin bölgədə gücünü daha da artıqdığını bildirib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə fikirlərini söyləyən millət vəkili ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qənirə Paşayeva Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də fikirlərini bildirib və fikir mübadiləsi aparılıb.
Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər. Sonra millət vəkili Qənirə Paşayeva Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərinin suallarını cavablandırıb və geniş fikir mübadiləsi aparılıb. Görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və təşkilatın bir sıra üzvləri də iştirak ediblər.