Xəzərdə dəniz gəzintisinin təşkili üçün yeni gəmilərin gətirilməsi planlaşdırılır. Bu barədə
Modern.az-a Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. O, qeyd edib ki, Milli Parkda istirahət edənlərin dəniz gəzintisini təşkil etmək üçün yeni gəmilərin artırılmasına ehtiyac var. N.Məcidovun sözlərinə görə, tələbat böyük olduğundan ola bilər ki, gələcəkdə yeni gəmilərin istismara verilsin:
“Tələbat böyükdür. Eləcə də gəmilərin müasirləşməsinə ehtiyac var. Ola bilər ki, gələcəkdə yeni gəmilər alınsın. Dənizdə 6 gəmi üzsə də, onların yalnız 2-si Bulvar İdarəsinin balansındadır. Qalan gəmilər Xəzər Dəniz Gəmiçilik İdarəsinin və Beynəlxalq Ticarət Liman İdarəsinin tabeliyindədir. Bulvara aid olan iki gəmidən bir – 60, digəri 40 nəfər üçün nəzərdə tutulub”.
Nazim Məcidov hazırda Bulvar İdarəsinin uzaq məsafələrə dəniz gəzintisi təşkil etmək planı olmadığını da söyləyib. “Digər gəmilər haqqında heç nə deyə bilmərəm. Amma Bulvar İdarəsinin balansında olan iki gəminin uzaq məsafələrə gəzinti təşkil etməsi nəzərdə tutulmur”.
Qeyd edək ki, bulvarda qısamüddətli dəniz səyahəti təşkil edən daha bir neçə gəmi var. Xəzər Dəniz Gəmiçiliyinə və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus gəmilərdə gəzintiyə çıxanlar bildirirlər ki, həmin gəmilər olduqca köhnədir. Uzun illərdir ki, istifadədə olan bu su nəqliyyatı vasitələrinin yalnız kosmetik təmirdən keçdiyi aydın şəkildə bilinir..
Gültəkin ƏLƏSGƏR