İyulun 24-də Azərbaycan prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib.
Universiadada qazanılan böyük idman uğuru münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan idman dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.
Dövlət başçısı qeyd edib ki, Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilib, bayrağı 16 dəfə dalğalanıb, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. London Olimpiadasında 10 medal qazanan Azərbaycanda idmanın sürətlə və ardıcıllıqla inkişaf etdiyini deyən Prezident İlham Əliyev yalnız qüdrətli dövlətlərin belə uğurlar əldə etdiyini bildirib.
Dövlət başçısı respublikamızda idmanın kütləviliyinə nail olunduğunu və bu prosesin davamlı xarakter aldığını deyb. Ölkəmizdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyən İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da böyük qələbələrə imza atacağına əmin olduğunu bildirib.
Universiadada qələbə qazanan idmançılara yüksək pul mükafatı verilməsi barədə müvafiq sərəncam imzaladığını vurğulayan prezident bir daha idman ictimaiyyətini əldə olunan böyük uğur münasibətilə təbrik edib.
Yunan-Roma güləşi üzrə universiadanın qalibi Rəsul Çunayev bu uğurun qazanılmasında dövlət başçısının və xalqın dəstəyinin mühüm rol oynadığını deyib. O, milli komandamızın digər üzvlərinin də Kazanda keçirilən yarışlarda əzmlə mübarizə apardıqlarını vurğulayıb və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirib.
Məşqçi Yaqub Məmmədov Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmizin 10 idman növündə mübarizə apardığını, ümumi hesabda 15-ci fəxri yeri tutduğunu vurğulayıb və bunun rekord göstərici olduğunu söyləyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü dedi.
Modern.az