Modern.az

Heydər Əliyev bilirdi ki, TRASEKA ritorika deyil...

Heydər Əliyev bilirdi ki, TRASEKA ritorika deyil...

7 İyul 2023, 17:07

Görkəmli siyasi xadim Heydər Əliyevin zamanla atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasına söykənirdi. O, siyasi tarixə qurub-yaradan dövlət xadimi kimi düşüb. 
Ümummilli lider vəzifə daşıdığı bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, çıxışlarında deyirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət dünyada öz yerini müəyyən edə bilməz. Heydər Əliyev iqtisadiyyatın digər sahələri kimi, dəmir yolunda da inkişafın vacibliyini vurğulayır və nəhəng işlər həyata keçirməyə çalışırdı.

Vaxtilə Ulu öndər tərəfindən Azərbaycanda dəmir yolu tikintisi sahəsində aparılan quruculuq işləri bu gün müasir Azərbaycanın iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan dəmir yollarında istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü sayəsində gerçəkləşib.

Dəmiryolçu ailəsində dünyaya gələn lider…

Heydər Əliyev bəlkə də dəmiryolçu ailəsində dünyaya gəldiyi üçün dəmir yoluna, onun inkişafına xüsusi həssaslıqla yanaşırdı. Çıxışlarından da bəlli olurdu ki, unikal savada və bacarığa malik olan Ümummilli lider dəmir yolu nəqliyyatı sahəsini də yaxşı bilir.



“Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin  Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox itizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”, - Heydər Əliyev xatirələrinin birində deyib.

1993-cü ildə hakimiyyətə qayıdan H.Əliyevin xarici siyasətindəki prioritetlərdən biri Azərbaycanın mənafeyinə xidmət edən iqtisadi əlaqələr qurmaq, ölkənin beynəlxalq birliyə iqtisadi inteqrasiyasını təmin etmək idi.
1996-cı ildən etibarən artıq Azərbaycanın dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizində iştirak etməyə başlamışdı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi idi.

Avropa Birliyi tərəfindən dəstəklənən TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) ‎Proqramı Böyük İpək Yolunun 100 illər sonra yenidən canlanmasını, ‎Avropa, Qafqaz və Orta Asiya dövlətlərini birləşdirən nəqliyyat-kommunikasiya ‎sistemini özündə birləşdirir.
"Böyük İpək Yolu" - e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət ‎göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər uzanan ticarət yollarının ‎ümumi tarixi adıdır. Öz başlanğıcını Şərqi Çin dənizi sahilində yerləşən Sinan ‎şəhərindən götürən, Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən, uzunluğu ‎‎13 min km olan bu yolun yenidən bərpası imkanlarını UNESKO-nun himayəsi ilə ‎Beynəlxalq Komissiya hələ 1980-ci ildə öyrənməyə başlamışdı.
10 ildən çox aparılan müzakirələrdən sonra ‎‎1993-cü ilin mayında Brüsseldə Avropa ‎Birliyi tərəfindən 5 Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və 3 Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) ölkəsi ‎nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Orada "Yeni ipək yolu" adı ilə tanınan TRASEKA layihəsi qəbul edildi.
Həmin konfransda Avropa ‎Birliyinin layihəyə texniki yardım proqramı razılaşdırıldı.

Heydər Əliyevin reallaşan arzusu - TRASEKA


1993-cü il iyunun 15-dən sonra Azərbaycanın sükanı arxasına keçən Heydər Əliyev TRASEKA layihəsinin ölkə üçün əhəmiyyətini yaxşı başa düşdüyündən, onun gerçəkləşməsində yaxından iştirak etdi. Heydər Əliyev yaxşı bilirdi ki, “Yeni İpək Yolu” ritorika deyil. Nəticədə Azərbaycanın əlverişli qlobal coğrafi mövqeyi, bu nəqliyyat dəhlizində  ‎mühüm məntəqələrindən biri kimi çıxış etməsi, dünya birliyinə inteqrasiyanı ‎dəstəkləyən xarici iqtisadi siyasət yürütməsi TRASEKA layihəsinin reallaşmasında ‎özünü göstərdi.

Nəhayət Heydər Əliyevin təşəbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi.
“Əsas Çoxtərəfli Saziş”in müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alındı və 2001-ci il fevralın 21-də isə Ümummilli liderin iştirakı ilə onun rəsmi açılışı oldu. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, onun əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynadı.

TRASEKA layihəsinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a bildirib ki, tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın məhz Bakı şəhərində keçirilməsi ölkəmizin bu layihəyə verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür:



“Bakı konfransının yekun ‎sənədinin ərsəyə gəlməsində Ulu öndər Heydər ‎Əliyevin əvəzsiz xidmətləri olmuşdu. Heydər Əliyev nəhəng siyasətçi idi və o vaxt TRASEKA Proqramını dəstəkləyəndə dünyada gedən qlobal prosesləri nəzərə alaraq‎, Azərbaycanın gələcək strategiyasını düşünmüşdü. Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində iştirakı baxımından olduqca vacib olan transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verirdi. Ümummilli lider yaxşı bilirdi ki, bu, Azərbaycan iqtisadiyyatının dirçəlişi və inkişafını təmin etmək baxımından olduqca mühüm  addım, xarici ticarətə təsir imkanlarını əldə saxlamaq baxımından vacib geostrateji tələblərdən biridir. Çünki o zaman müxtəlif geosiyasi güc mərkəzləri arasında təbii ehtiyatları dünya bazarlarına çıxaracaq nəqliyyat dəhlizləri və kommunikasiyalar uğrunda beynəlxalq rəqabət aparılırdı, bu, elə indi da davam edir”.

TRASEKA-nın Azərbaycan üzrə ilk milli koordinatoru

Milli Məclisin deputatı Ziyad Səmədzadə Avropa Birliyinin 1993-cü ilin mayında Brüsseldə keçirdiyi beynəlxalq tədbirə - TRASEKA Proqramının təsis konfransına Azərbaycan nümayəndə heyətinin başçısı kimi qatılıb və orada əsas məruzə ilə çıxış edib. Proqramın təsis edilməsi ilə bağlı “Brüssel bəyənnaməsi”ni imzalayan Z.Səmədzadə eyni zamanda, TRASEKA-nın Azərbaycan üzrə ilk milli koordinatoru olub.

O, TRASEKA Proqramının reallaşdırılmasında ölkəmizin aktiv iştirakını müstəqillik illərində əldə olunmuş ən əhəmiyyətli nailiyyətlərdən biri hesab edir.

Z.Səmədzadə deyir ki, Ulu öndər Heydər Əliyevin təşəbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş beynəlxalq konfrans müstəqil Azərbaycan üçün tarixi bir hadisə idi:

“Süleyman Dəmirəl, Eduard Şevardnazde, İslam Kərimov, Leonid Kuçma kimi dövlət başçıları Bakıda önəmli fikirlər səsləndirdilər. İştirakçılar arasında Ermənistanın o zamankı baş naziri Armen Darbinyan vardı. Onun çıxışı isə prosesə töhfə vermək deyil, gərginliyi artırmaq məqsədi güdürdü.
Həmin konfrans dünyanın böyük ərazisini əhatə edən nəhəng layihənin - tarixi İpək Yolunun bərpasını gerçəkləşdirdi. Konfrans həm də Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına təkan verdi. Eyni zamanda, Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi”.  



Deputatın sözlərinə görə, beynəlxalq konfransın məhz Bakıda keçirilməsi Avropa Birliyi və TRASEKA-nın üzv ölkələri tərəfindən Azərbaycana göstərilən böyük etimad idi:


“TRASEKA Proqramında iştirak edən ölkələrin hər biri həmin konfransa ev sahibliyi etmək üçün namizədliyini vermişdi. Azərbaycan da həmçinin. Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bir zamanda belə böyük tədbirin Bakıda keçirilməsi bizim üzərimizə həm çox vəzifə, həm də böyük məsuliyyət qoyurdu. Ancaq Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çox məsuliyyətli və çətin işin öhdəsindən layiqincə gələ bildik. O baxımdan Ulu öndərin xidmətləri sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyükdür”.

Z.Səmədzadə deyir ki, TRASEKA Proqramının gerçəkləşməsi “Yeni İpək Yolu”nun keçdiyi ölkələrdə - o cümlədən Azərbaycanda tərəqqiyə və iqtisadi sabitliyə gətirib çıxardı.

Ekspertlər deyirlər ki, TRASEKA Proqramının bügünkü Azərbaycan üçün əhəmiyyəti özünü müxtəlif sahələrdə göstərib. Məsələn, yük daşınmalarından əldə olunan gəlirdə, ‎dəniz və dəmir yolu, boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı ‎bazarın yaranmasında, respublikada yük daşınması ilə bağlı infrastruktur sahələrin ‎bərpasında, yeni iş yerlərinin açılmasında, Azərbaycanın iqtisadi təhlükəsizlik ‎məsələlələrinin həll edilməsində, Bakının bu magistral xəttin mərkəzində və Xəzər ‎sahilində yerləşən ən iri liman kimi inkişafında və s.‎

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 420 600 ton olub. Yüklərin 27 966 800 tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16 841 200 tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6 612 600 tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Bu gün TRASEKA Proqramı çərçivəsində üzv dövlətlərin iştirakı ilə digər yeni layihələr gerçəkləşdirilir. Azərbaycan Respublikası hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.

Tarixi İpək Yolu fonunda “Zəngəzur dəhlizi”…



Azərbaycan Prezidenti İlham Əliyev deyir ki,
nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirən Azərbaycan qarşıdakı dövrdə digər vacib layihələrin də gerçəkləşməsində iştiraka önəm verir. Məsələn, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hədəfində daha bir iqtisadi proje var – “Zəngəzur dəhlizi”.
Beynəlxalq ekspertlər deyirlər ki, “Zəngəzur dəhlizi”nin açıması bölgədə reallaşan strateji layihələrin icrasına müsbət təsir edəcək, daha əlverişli regional tranzit imkanları yaranacaq. Eyni zamanda, Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı qurulacaq, Avrasiya məkanında sərnişin və yük daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. “Zəngəzur dəhlizi” Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycandan və Ermənistandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanacaq yükdaşımalarını daha səmərəli edəcək.
Ermənistanın hələ ki mane olduğu bu layihənin də - tarixi İpək Yolu fonunda “Zəngəzur dəhlizi”nin gerçəkləşəcəyinə inam böyükdür.

Əfqan Qafarlı

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi