Rusiya Prezidenti Vladimir Putin Kremldə “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüş iyunun 29-da olub və üç saata yaxın davam edib.
"Putin Priqojin və “Vaqner”in komandirləri ilə görüşdə şirkətin cəbhədəki fəaliyyətini, 24 iyun hadisələrini qiymətləndirib, həmçinin komandirlərin izahatlarını dinləyib, onlara işə qəbul və döyüş variantları təklif edib. “Vaqner” komandirləri Putinə 24 iyun hadisələri ilə bağlı öz versiyalarını təqdim ediblər. Bildiriblər ki, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləridir", - Peskov vurğulayıb.
Qeyd olunub ki, görüşdə 35 nəfər iştirak edib.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.