Modern.az

Axı, kurikulum nəyə lazımdır? - MİQ imtahanından REPORTAJ 

Axı, kurikulum nəyə lazımdır? - MİQ imtahanından REPORTAJ 

Təhsil

11 İyul 2023, 15:36

Bu gün 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.
İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət olunub.

 

Saat 10:00-da başlayan imtahanların birinci seansı 12:30-da yekunlaşıb. İmtahan iştirakçılarına 60 sual təqdim olunub. Onlardan 20-si metodikanı, 40 sual isə ixtisası əhatə edib.

 

Məlumat üçün bildirək ki, cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır. Yeni qaydalara əsasən, imtahan müddəti 150 dəqiqədir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.


Modern.az-ın əməkdaşı imtahanların təşkil olunduğu təhsil müəssisələrindən birinə baş çəkərək, müəllimliyə namizədlərin təəssüartlarını öyrənib.

 

 

Həmsöhbət olduğumuz imtahan iştirakçılarının əksəriyyəti sualların çətin olmasından şikayətləniblər.

 

Mətbuat qarşısına çıxmaqdan ehtiyat edən bəzi namizədlər imtahan nəticələrindən razı qalmadıqlarını deyiblər. Onlar yüksək nəticə əldə edə bilmədiklərinə görə, susmağa üstünlük verdiklərini və növbəti imtahanı gözləmək məcburiyyətində qaldıqlarını söyləyiblər.

 

Həyəcanlı və gərgin anlar yaşayan bir çox MİQ namizədləri nəinki açıqlama veriblər, hətta şəkillərinin çəkilməsinə belə etiraz ediblər.

 

Onsuz da nəticələrin ürəkaçan olmadığını deyən imtahan iştirakçılarından yalnız bir-ikisini müsahibəyə razı sala bildik.

 

Onlardan biri Saleh Səmədovdur. Müəllim olmaq üçün imtahana gələn S.Səmədov sualların əksəriyyətinin normal olduğunu bildirib.


"İmtahan normal keçdi, sadəcə vaxt aparan suallar var idi. Sualların 80 faizi orta, digər 20 faizi isə nisbətən çətin idi. Mən kurikulum hissəsinə çox diqqət etmədim. Əsasən öz ixtisasıma vaxt ayırdım və 40 sualdan 36-nı düz yazdım. Bundan əvvəl də MİQ imtahanında iştirak etmişdim. Onda imtahan vaxtı iki saat idi, əslində zaman məsələsi çox da problem olmadı", - MİQ iştirakçısı vurğulayıb.

 

 

Adının açıqlanmasını istəməyən digər müəllim isə imtahana biliyini yoxlamaq üçün gəldiyini qeyd edib.

 

"Sözün açığı, özümü yoxlamaq üçün imtahana girmişəm. İmtahanda olimpiada tipli suallar var idi. Bu da əslində yaxşı deyil. Çünki verilən vaxt ilə həmin sualları cavablayıb, bitirmək olmur. Amma qalan hər şey normaldır. Öz ixtisasımdan 37 suala doğru cavab vermişəm. Kurikuluma vaxt çatmadı. Ümumiyyətlə, kurikulum lazımsız bir işdir. Axı kurikulum nəyə və kimə lazımdır? Sadəcə 5-in yaza bildim və 3-ü doğru oldu", - həmsöhbətimiz deyib.

 

Müsahibə üçün müraciət etdiyimiz digər namizədlər də daha çox kurikulumdan şikayətləniblər.  

 

Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?