Bu günə kimi 6314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7536 filialına (cəmi 13850) məxsus olan 148769 daşınmaz əmlak barədə məlumatlar Registrdə qeydiyyata alınıb. Bu barədə Modern.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. O bildirib ki, 2013-cü ildə ümumilikdə ölkə üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt özəlləşdirilib. Cari ildə 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Komitə səlahiyyətlisi onu da bildirib ki, özəlləşməyən dövlət obyektləri də var. “Amma onlar da özəlləşdiriləcək. Hələ ki, proses davam edir. Özəlləşdirmə mərhələli şəkildə həyata keçiriləcək”. Qulu Xəlilovun sözlərinə görə, hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.