Jurnalistikada ustad olmaq elə bir anlayışdır ki, kiməsə bir cümlə öyrətmək üçün auditoriyada nitq söyləməyə, onunla eyni redaksiyada çalışmağına ehtiyac yoxdur. Hər kəlmən, yazın, mətninlə də tanımadığın neçə-neçə həmkarına nələrisə öyrədə bilərsən. Səbuhi Məmmədli də mediamızdakı o şəxslərdəndir ki, özü də bilmədən neçələrinə mətn yazmağı öyrədib. Hələ redaksiyada hazırladığı tələbələri demirik...
Onun reportajları çoxuna bu janrın dərinliklərini çatdırıb. Oxucunu xəyalən hadisə yerinə aparıb, özünün danışdığı, ünsiyyətdə olduğu adamlarla görüşdürüb. Çox təəssüf ki, şəhər-şəhər, kənd-kənd, ev-ev dolaşıb ən maraqlı mözvuları işıqlandıran, Allahın belə unutduğu yerlərdən reportajlar yazıb, bizə çatdıran Səbuhi müəllim həyatın ağrılı oyunu ilə üz-üzədir.
Səhhətindəki problemlərlə mübarizə aparan ustad jurnalistin bir ayağı amputasiya edilib. Bundan başqa, böyrəyində də ciddi problemlər aşkarlanıb.
Modern.az xəbər verir ki, “Sherg.az” Səbuhi Məmmədlinin özü ilə əlaqə saxlayıb və hazırkı vəziyyəti ilə maraqlanıb:
“Bilirsiz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təssəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan üstəgəl həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədli əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Azərbaycanda isə 9 aya yaxındır ki, ayağımın olmadığını sübut etməyə çalışıram. Ayağımı dizdən yuxarı kəsiblər.
Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədli deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir:
“Mən demək olar ki, işə gedirəm. Dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır.