İki gün öncə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 113 yaşlı qadın gözündən əməliyyat olunub. Əməliyyatı mərkəzin həkimi Mübariz Qəhrəmanov həyata keçirib. Modern.az saytının mərkəzdən aldığı məlumata görə, əməliyyat uğurlu keçib və xəstənin vəziyyəti normaldır. 113 yaşlı qadının əməliyyat olunan gözünün görmə qabiliyyəti qənaətbəxşdir.
Modern.az saytı uzun araşdırmadan sonra 113 yaşlı qadını tapa bilib. Əməkdaşımız qadının Kəlbəcər rayon məcburi köçkün olduğunu dəqiqləşdirib. Məlum olub ki, Bəsti İsmayıl qızı Namazova Kəlbəcər rayonunun Dəmirşidam kəndindəndir. O, Aşıq Şəmşirin doğmaca əmisi qızıdır. Bəsti Namazova Göygöl rayonunun Gülüstan qəsəbəsində yaşayır.
Danışıq və yaddaşla bağlı heç bir problemi olmayan 113 yaşlı Bəsti nənə deyir ki, 1905 və 1918-ci ildə ermənilərin kəndlərinə hücumu yaxşı yadındadır. O da yadındadır ki, atası və əmiləri erməniləri necə geri çəkilməyə məcbur ediblər. B.Namazova uşaqlığında Kəlbəcərin Ağdaban kəndinə köçdüklərini, bir müddət sonra yalnız atası İsmayılın öz ailəsini geri qaytardığını əməkdaşımıza danışıb. Babası Məşədi Məmmədalının 3 oğlu ilə Ağdabanda qaldığını deyib.
Maraqlıdır ki, Bəsti nənə Dəmirçidam kəndinin yaxınlığında Aşıq Ələsgərin dəyirman işlətdiyini də xatırlayır. Yaddaşını təzələyən nənə o zaman kəndlərində 6 evin olduğunu, əsl xoşbətliyin həmin dövrdə yaşadığını söyləyib.
“Ay bala, heyif deyildi o zamanlar... Hərə öz yerini bilirdi. Din, bərəkət var idi o zamanlar...”.
113 yaşlı ağbirçək Kəlbəcərə qayıdacağına çox ümidlidir: “Öz yerlərimizə niyə qayıtmayaq ki..? Mən uşaq olanda da ermənilər Kəlbəcəri tutmaq fikrinə düşmüşdülər. Amma bizimkilər onların dərsini verdilər. Həm də Basarkeçərə gedib qohum-əqrabamıza kömək etdilər. İndi bizə nə olub ki...”.
Qeyd edək ki, 113 yaşlı Bəsti Namazova hazırda özünü çox gümrah hiss edir... Eyni zamanda özünü çox normal idarə edir. Nənə hətta nəvəsinin nəvəsini də görüb.
Modern.az