Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda İsrail prezidentinin xanımı Sonya Gelmandan söhbət açılacaq.
İsrail siyasətçilərinin “patriarxı” adlandırılan Şimon Peres 70 ildən artıqdır ki, siyasi arenadadır. Dünyanın ən yaşlı prezidenti olan Ş.Peres Sonya Gelman ilə 60 il evlilik həyatı yaşayıb.
Sonya Gelman 1923-cü ildə Ukraynanın Polşa ilə sərhədində yerləşən kiçik Xelm şəhərində anadan olub. 1927-ci ildə ailəsi ilə birlikdə Fələstindəki tarixi yəhudi torpaqlarına köç edib. Ailə Təl-Əviv yaxınlığında yerləşən və yeni gəlmiş yəhudilər üçün nəzərdə tutulan Beyt Şemen şəhərində yerləşir. Atası ustalıq etməklə ailəsini dolandırır. Sonya Gelmanın oxuduğu məktəbdə əsasən Şərqi Avropadan olan mühacirlər təhsil alırdı. İlk dəfə məktəbdə Sonya Gelman Şimon Pereslə tanış olur. Şimon Peresin ailəsi də Belarusdan köçmüşdü. Onların romantik münasibətlərini Şimon Peres “Sülh naminə müharibə” xatirələr kitabında bölüşüb.
Sonya Gelmanı həyatının yeganə sevgisi adlandıran Şimon Peres kitabda qeyd edir: “Onun adı Sonya idi və o, çox güman ki, mənim həyat yoldaşım məhz Sonya olmalı idi. Mən onda xoş təəssürat oyatmaq üçün ay işığında Karl Marksın “Kapital” əsərindən parçalar oxuyurdum”.
İkinici Dünya müharibəsinin başlanması ilə Sonya Gelman könüllü olaraq cəbhəyə yollanmaq istəyir. O dövrdə mühacir ailəsində doğulan qız üçün bu çox cəsarətli addım idi. Gelman Britaniya ordusunun yəhudilər üçün nəzərdə tutulan hərbi birləşməsinə yazılır. Onu ağır döyüşlərin getdiyi Misirə tibb bacısı kimi yollayırlar. Bil il Qahirə hospitalında çalışdıqdan sonra Gelman sürücü olmaq qərarına gəlir. Sürücülük kurslarını bitirdikdən sonra onu Avropaya yollayırlar. Həyatının bu dövrü barədə çox az məlumat olan S.Gelmanın 1943-cü ilin iyulunda müttəfiq qoşunlarının Siciliyaya desant çıxardığı və tarixdə “Haski” olaraq qalan əməliyyatda iştirak edib. Bundan sonrakı iki il ərzində isə S.Gelman daşıdığı yardım dolu yük maşını ilə özünün tarixi vətənində – Qərbi Ukraynada peyda olur.
1945-ci ildə Fələstinə qayıdan S.Gelman Şimon Pereslə ailə həyatı qurur. Bu nikahdan onların Sviya adlı qızları, Yonatan və Nehemiya adlı oğlanları dünyaya gəlir. Sonya Gelmanın gələcək həyatı ərinin fəaliyyəti ilə bağlı olub. İsrailin müstəqillik uğrunda müharibəsi zamanı Şimon Peres müdafiə nazirinin müavini təyin edilir.
Daha sonralar ailə Nyu-Yorka köçür. Peres burada İsrail hərbi nümayəndəliyinin rəhbəri təyin olunur. Bir müddət keçir, Peresi İsrailə çağırırırlar və müdafiə naziri təyin edilir.
Nəhayət Şimon Peres iki dəfə baş nazir vəzifəsini də icra edir. Bütün bu müddətdə Sonya ərinin ən əsas köməkçisi olur. Deyilənə görə, məhz o, 1977-ci ildə ərinə öz partiyasını –“Avod”u (Əmək Partiyası) yaratmağı təklif edib.
Öz tarixi yurdu olan Ukraynanı tez-tez xatırlayan Sonya Gelman mətbuata verdiyi nadir müsahibələrindən birində nə vaxtsa, tarixi vətəninə qayıtmaq istədiyini etiraf etmişdi. 2007-ci ildə Şimon Peresin prezident seçilməsindən az öncə Sonya Gelman xəstəxanaya düşür.
Gənc yaşlarındakı döyüş təcrübəsi öz təsirini göstərir. Həyat yoldaşının Qüdsdə yerləşən prezident iqamətgahına köçməkdən imtina edən Gelman 1970-ci ildən məskunlaşdıqları Ramat-Avivdəki köhnə evlərində yaşamağa davam edir. Ərinin inaqurasiya mərasiminə qatılmayan Gelman mərasimi televizordan izləyir.
Sonya Gelman tədbirlərdə çox az hallarda görünürdü. Peresdən ayrı yaşayan S.Gelman 2011-ci il yanvarın 19-da dünyasını dəyişir.
Qədim yəhudi ənənələrinə riayət edən Sonya Gelman şam yandırar, dini liderlərlə məsləhətləşmədən heç bir iş görməzdi. Jurnalistlərin müsahibə xahişinə isə həmişə etiraz edirdi.
“Bəyəm mən elmi kəşf edən böyük insanam? Məndən müsahibə almaq kimə lazımdır?” – deyirdi.
Onun qızı Sviya Valden ixtisasca filoloqdur. Hazırda nitqin psixologiyası barədə təlimlər keçir.
Aulənin böyük oğlu Yonatan baytardır. Görmə qabiliyyətini itirmiş insanlar üçün təlim görmüş itlərin yetişdirilməsi ilə məşğul olan mərkəzin rəhbəridir.
Digər oğul Nehemiya isə əvvəlcə təyyarəçi olsa da, sonradan “Pitango” investisiya fondunun direktoru seçilib.