Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək bal toplayan müəllimlərin adları açıqlanıb.
Belə ki, test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək balı Fikrət Abdulov (100/93,75), Nərminə İsmayılova (100/92) və Tünzalə Mövlanova (100/91,25), informatika fənni üzrə isə ən yüksək balı Fidan Ramazanova (100/96,75) Mirvari Zərbəliyeva (100/93,25) və Aybəniz Rəfiyeva (100/92,5), fransız dili fənni üzrə isə ən yüksək balı İlahə Rəhimova (100/90,5), Sədəf Bağıyevas (100/87,5) və Fidan Hadıyeva (100/86,25) toplayıblar.
MİQ-də informatika fənni üzrə ən yüksək nəticəni əldə edən Fidan Ramazanova imtahanlar barədə təəssüratlarını Modern.az-la bölüşüb.
26 yaşlı müəllimliyə namizəd test suallarının çox çətin olmadığını bildirib:
"İlk dəfə idi ki, imtahanda iştirak edirdim. Bundan əvvəl təhsil sahəsində işləməmişəm. Tibblə bağlı sahədə çalışmışam. İmtahanlara ötən ilin sonundan hazırlaşmağa başlamışam. Amma açığı bildirim ki, belə bir nəticə əldə edəcəyimi gözləyirdim. Balımı görəndə təəccübləndim".
Fidan Ramazanova hesab edir ki, riyazi biliyi olan şəxs ən çətin sualları belə cavablandıra bilər:
"İxtisasımla bağlı sualları tam yazacağımı bilirdim, çünki öz sahəmi çox yaxşı bilirəm. Məni bir az kurikulum qorxudurdu. Bir gün əvvəl imtahan verənlər deyirdilər ki, suallar çətin düşür. Amma balımı görəndə çox sevindim. Suallar o qədər də çətin deyildi. Kurikulum sualları çox düşündürücü idi. İxtisas suallarına gəldikdə isə deyə bilərəm ki, fənnini bilən namizədlər onları rahatlıqla yaza bilər. Riyazi savadı olan insanın yaza bilməyəcəyi sual yox idi".
MİQ iştirakçısı nəticələrinə uyğun olaraq yaşadığı yerə yaxın məktəb seçmək istədiyini söyləyib.
Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.