Modern.az

Ərdoğandan Putinə Qarabağ mesajı – Sülhməramlılar gedir, 2 ildən sonra…

Ərdoğandan Putinə Qarabağ mesajı – Sülhməramlılar gedir, 2 ildən sonra…

Qarabağ

13 İyul 2023, 17:08

Ötən gün NATO-nun Vilnüsdə keçirilən toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya önəmli mesaj ünvanlayıb. Qardaş ölkə lideri Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib.


“Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” ,– deyə Ərdoğan deyib.

 

Maraqlıdır, Türkiyə liderinin Vilnüs sammitində sülhməramlılarla bağlı Rusiyaya mesajı nədən xəbər verir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəmliyevin fikrincə, Ərdoğan Vilnüsdə keçirilən NATO sammitində Azərbaycan dövlətinin siyasi mövqeyini ifadə edib. 

 

“Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ildə başa çatacaq. 2020-ci ildə əldə olunan razılığa əsasən, onlar 5 il fəaliyyət göstərməlidir. Məsələ ondadır ki, sülhməramlılar Qarabağa gəldikdən sonra öz işlərini görmədilər. Əksinə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılığın bəzi bəndlərini icra etmədilər. Qarabağda olan əlisilahlı terrorçu dəstələr çıxarılmalı idi, ancaq sülhməramlılar bunu yerinə yetirmədilər”,- deyə o bildirib.  

 

N.Məhəməliyev vurğulayıb ki, Qarabağa yerləşdirilən rusiyalı hərbçilər daha çox sülhməramlı statusuna uyğun gəlməyən fəaliyyət nümayiş etdirir:

 

 “Onların fəaliyyətləri sülhməramlıların statusu ilə üst-üstə düşmür. Düşünürəm ki, Rusiya sülhməramlılarının 2025-ci ildən sonra Qarabağda qalmasının heç bir perspektivi yoxdur. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarına sülhlə bağlı təkliflər irəli sürüb. Hesab edirəm ki, yaxın vaxtlarda həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərində müsbət dəyişikliklər olacaq. Ərdoğanın haqlı olaraq, sülhməramlıların Qarabağdan çıxarılması haqqında fikir səsləndirməsi beynəlxalq miqyasda ictimai rəyin formalaşmasında ilkin addımdır”.

 


Politoloq Fikrət Sadıqov isə düşünür ki, Moskva Ərdoğanın çıxışından özünə dərs çıxarıb.

 

“Xatırladım ki, sazişin mətnində 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması məsələsi qeyd olunub. Əlbəttə, Türkiyə Prezidentinin NATO sammitindən sonra bu məsələni gündəmə gətirməs birbaşa olaraq Azərbaycana dəstəkdir. Əminəm ki, bunu Moskva da dinləyib. Təbii ki, Rusiya hakimiyyətində təmsil olunan şəxslər Ərdoğanın sözlərindən özlərinə nəticə çıxarırlar. Əgər Rusiyanın hansısa siyasi dairələrində bu məsələyə şübhə ilə yanaşırlarsa, artıq belə fikirlərdən əl çəkməlidirlər. Ərdoğanın sülhməramlılarla bağlı çıxışı birbaşa olaraq Moskvaya ünvanlanmış mesajdır”.

 

F.Sadıqov onu da vurğulayıb ki, Azərbaycan və Türkiyənin siyasi mövqeyləri eynidir:

 

“Mən düşünürəm ki, biz 2025-ci ildə sülhməramlılarla vidalaşacağıq. Bu, özü-özlüyündə o deməkdir ki, Rusiya sülhməramlılarının missiyası faktiki olaraq sona yetib. Biz heç kəsin torpağına göz dikməmişik. Sülhməramlılara arxalanan separatçılar indidən Azərbaycanın tələblərini yerinə yetirmək barədə düşünməlidirlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti