"Vaqner" muzdlularının qiyamından sonra Rusiyada 13 yüksək rütbəli zabit saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Bildirilir ki, Yevgeni Priqojinin qiyamından sonra Rusiya Silahlı Qüvvələrinin 15 zabiti işdən çıxarılıb və ya xidmətdən kənarlaşdırılıb.
Nəşr qeyd edir ki, həbs edilən şəxslər Kremlin artıq etibar etmədiyi hərbçilər olub.
Məqalədə bildirilir ki, saxlanılanlar arasında general Sergey Surovikin də var. Mənbələrin sözlərinə görə, Surovikinin üsyandakı rolu ilə bağlı sorğu-sualları davam edir.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.