Yaponiyanın avtomobil istehsalçısı olan "Isuzu" şirkəti Rusiya bazarını tərk edib.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, istehsalçının Ulyanovskdakı yük maşını zavodu Rusiyanın "Sollers" firmasına satılıb.
Belə ki, bu firma zavodun 100% payını almaq üçün müqavilə imzalayıb. Sövdələşmənin bir hissəsi olaraq, "Sollers"dən bildirib ki, müştərilər qarşısında zəmanət öhdəliklərini yerinə yetirmək üçün "Isuzu" yük maşınlarının ehtiyat hissələrinin tədarükü və Ulyanovskda yük maşınları və pikaplar istehsal edən zavodun yenidən işə salınması planlaşdırılır.
“Isuzu” brendi Rusiyada rəsmi olaraq 2006-cı ildən, avtomobil istehsalçısının Ulyanovskdakı zavodu isə 2012-ci ildən fəaliyyət göstərir. Həm də UAZ avtomobilləri istehsal edən "Sollers" Rusiya Federasiyası ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra ləğv edilmiş "Isuzu" ilə birgə müəssisəyə sahib idi.