Modern.az

Rusiyada “5 kişidən biri” - Vahid Ələkbərov: sıravi neftçilikdən milyarderliyə...

Rusiyada “5 kişidən biri” - Vahid Ələkbərov: sıravi neftçilikdən milyarderliyə...

26 İyul 2013, 14:13

“Zənginliyə gedən yol”da azərbaycanlı milyarderlərin təqdimatı...

Modern.az saytı “Zənginliyə gedən yol” adlı rubrikada azərbaycanlı milyarderlərdən bəhs edəcək.  Dünyaca məşhur “Forbes” jurnalının rus versiyasının 2013-cü ildə açıqladığı siyahıda rusiyalı milyarderlər sırasında həmvətənlimiz Vahid Ələkbərovun da adı qeyd olunub. Ümumiyyətlə, uzun illərdi “Lukoyl” neft şirkətinin prezidenti olan Vahid Ələkbərov hər il müxtəlif biznes jurnalların tərtib etdiyi ən varlı insanlar siyahısında yer alır. “Forbes”un son siyahısında isə o, 14,8 milyard dollarla Rusiyada ən varlı 5-ci şəxs kimi tanıdılır. Dünya üzrə isə Azərbaycan əsilli biznesmen 55-ci yerdədir.

1950-ci il sentyabrın 1-də Bakının o vaxtkı “Razin”, indiki Bakıxanov qəsəbəsində anadan olmuş Vahid Ələkbərov ailədə 5-ci uşaq idi. O, neftçi işləyən azərbaycanlı Yusif Kərbəla oğlu Ələkbərovla və əslən don kazakı olan Tatyana Fedorovna Boçarovanın övladı idi. V.Ələkbərov atasını erkən yaşlarında, 3 yaşında itirmişdi. Ailəni dolandırmaq ana Tatyana Ələkbərovanın üzərinə düşmüşdü. Atası kimi neftçi peşəsini seçən Vahid Ələkbərov məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) Neft və qaz yataqlarının texnoloji və istismarının kompleks mexanizasiyası üzrə dağ mühəndisi fakültəsinə daxil olur. Paralel olaraq 1972-1974-cü illərdə “Kasmorneft” qaz və neft emalı birliyində operator vəzifəsində çalışır. 1974-cü ildə institutu uğurla bitirir. Həmin ildən 1979-cu ilə qədər Vahid Ələkbərov rayon texnoloji-mühəndis xidmətində baş mühəndis kimi fəaliyyət göstərir.

Sonralar neft-qaz çıxarılması üzrə usta olan Vahid Ələkbərov “Kasmorneft”in A. Serebrovski adına neft emalı zavodunda rəis müavini kimi fəaliyyət göstərir. Daha sonrakı illərdə neft emalı və hasili sənayesində müxtəlif vəzifələri icra edir.

Yaxın ətrafı qısa müddətdə adi işçidən rəhbər şəxsə çevrilməsini onun məqsədyönlü və rəhbərliyin xoşuna gələ bilməsi ilə izah edirdi.

1979-cu ildən tale Vahid Ələkbərovun həyatını Rusiya ilə bağlayır. Tarixi vətənini tərk edən Ələkbərov gələcək milyardlıq sərvətinin əsas mənbəyi olacaq Sibirə yollanır. Tümen vilayətində “Surqutneftqaz” birliyinin “Fedorovskneft” trestində baş mühəndis kimi çalışmağa başlayır.  1985-ci ildə “Başneft” Birliyində direktor müavini çalışan Ələkbərov artıq 1987-ci ildə “Koqalımneftqaz” şirkətinin baş direktoru seçilir. 1990-cı ildə SSRİ neft-qaz sənayesi nazirinin müavini təyin edilən həmvətənimiz İttifaq dağılana qədər bu vəzifəni icra edir.

1992-ci ildə bazar münasibətləri şəraitində “Lanqepasuraykoqılmneft” şirkətini yaradır. Məhz bu şirkət bir il sonra yaranacaq “Lukoyl” şirkəti üçün bünövrə olur. 90-cı illərin əvvəllərində  Rusiyadakı kütləvi özəlləşdirmə prosesində o, “Lukoyl” şirkətinin əsas səhmdarına çevrilir. 1993-cü ildə “Lukoyl“ Açıq Səhmdar Cəmiyyətinin prezidenti seçilir və bu günə qədər bu vəzifəni icra edir.

2010-cu ildən “Skolkovo” fondunun şura üzvü olan Ələkbərov həm də 1995-ci ildən “İmperial” bankının direktorlar şurasının sədridir. Rusiya prezidenti yanında İqtisadi Şuranın üzvü, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü və iqtisadiyyat elmləri doktoru olan Vahid Ələkbərov 90-cı illərdə Azərbaycanda aktivliyi ilə seçilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsində” Vahid Ələkbərov “Lukoyl” şirkətinin timsalında 21% səhmə malik olub. Sonradan Azərbaycan bank bazarında “Nikoyl” bankının fəaliyyətə başlaması da onun adı ilə bağlıdır.

Rusiyada ikinci ən böyük vergi ödəyicisi olan “Lukoyl” şirkəti 2012-ci ildə Rusiya büdcəsinə 1,1 trilyon rubl (35 milyard dollar) vergi ödəyib. Şirkətin həmin il üçün xalis gəliri isə rekord rəqəm – 11 milyard dollar təşkil edib.

Vahid Ələkbərov Larisa Viktorovna Ələkbərova ilə nikahdadır. Bu nikahdan 1990-cı ilə yeganə övladı Yusif Ələkbərov dünyaya gəlib. 2013-cü ildə “Lukoyl” şirkətindəki bütün aksiyalarını oğluna vəsiyyət edən Vahid Ələkbərovun yeganə şərti bu aksiyaların satılması və bölüşdürülməsinin qadağan olunması olub.

Hazırda Vahid Ələkbərovun imperiyasına Sibirdəki neft yataqları, bütün Rusiya üzrə onlarla neft emalı zavodları, Rusiya, Avropa və Amerikada 2500-dən artıq yanacaqdoldurma məntəqəsi daxildir. 2011-ci ildə onun “Rusiyanın Nefti; Keçmiş, Günümüz və Gələcək” kitabı çap olunub.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI